“Dünyada yaxşı adamlar və xoşbəxt sonluqlar var”



 

 

 

Sahilə Yahya yazır:

 

Yayda bir qadınla tanış olmuşdum. Yaşıd olsaq da, yaşlı görünürdü, 15 gün öncə də ürəyinə stend qoyulmuşdu. Danışdı ki, qızı uzun müddət serebral iflic diaqnozu ilə yaşayıb. İndi qızın 14 yaşı var və tam sağlamdı, hətta "uçot"dan çıxıb. Qızın bir tərəfi ginekoloqun səriştəsizliyi ucbatından hərəkətsiz qalıbmış, sinirləri həkim zədələyibmiş. Həmin həkim nə qədər körpəni belə doğuzdurub və hazırda həbsxanadadı. Qadın dedi ki, ən gözəl gənclik illəri xəstəxana palatalarında keçib. Deyir belə uşaqları olan qadınların ərləri olmur, kişilər ən çox bir-iki il dözür, sonra qoyub gedirlər... 

Biz ayrılanda ona xalçayuma şirkətindən zəng gəldi. Xalçaları evə təhvil verdiklərini dedilər. Qadın evdə olmadığını, yuyulmaya görə pulu verə bilməyəcəyini dedi. Kuryer pul istəmədikərini bildirdi. Sən demə, xalçaları götürməyə gələndə əməliyyatdan təzə çıxdığından qadın yataqda yatırmış, qapını ona dəstək olan qonşu açıb. Kuryer xalçanı götürəndə qonşu ilə ordan-burdan danışıblar, söhbət həm də qadının durumuna gəlib çatıb. Adam da gedib vəziyyəti müdirinə çatdırıb. Müdir də deyib ki, xanımdan pul almayın, çox əziyyət çəkib, bir işinə kömək etmiş olaq. 

İstədim gecə-gecə xatırlayasınız ki, dünyada yaxşı adamlar və xoşbəxt sonluqlar var.

SeherXeber.org