FHN-dən Bakıdakı yanğınla bağlı - Açıqlama



 

09:07

FHN Bakının mərkəzində, metronun “28 may” stansiyasının yaxınlığında baş vermiş partlayışla əlaqədar rəsmi məlumat yayıb.

Axar.az-a daxil olan məlumatda bildirilir:

"Bakı şəhəri, Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasının (birinci-üçüncü mərtəbələri qeyri yaşayışdır) zirzəmisində yanğınla nəticələnən partlayış baş verib.

Nəticədə, binanın birinci mərtəbəsində yerləşən, ümumi sahəsi 500 m2 olan dəftərxana ləvazimatları mağazasının içərisinin konstruktiv elementləri (satış rəfləri, alkopan konstruksiyalar və tavanı) dağılmış, qapı-pəncərələri çərçivədən çıxmış, binanın ikinci və üçüncü mərtəbələrinin və yaxınlıqda yerləşən bəzi binaların pəncərə şüşələri qismən sınıb. Partlayış dalğasının təsirindən 100-150 metr əraziyə dağılmış dəftərxana ləvazımatları qismən yanıb. Bina yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb. Hadisə zamanı mağazada satıcı işləyən 1961-ci il təvəllüdlü Mahmudov Zahid Şükür oğlu müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.

Partlayışın qaz sızması nəticəsində baş verdiyi ehtimal olunur. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır".

Qeyd edək ki, Report-un xəbərinə görə, partlayış baş vermiş ərazidə yenidən yanğın başlasa da, bir müddət sonra ərazidə olan "Azərqaz" İstehsalat Birliyi və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən söndürülüb.

Əraziyə Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov da gəlib.

O, əraziyə baxış keçirib.