Rusiyadan gətirilmiş, tərkibində zərərverici aşkarlanmış 66 ton kartof məhv edildi - FOTO


16
 

 

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri davam etdirilir.

Həyata keçirilən nəzarət tədbirləri zamanı “ZE-DENT” MMC tərəfindən Rusiya Federasiyasından ölkəmizə idxal edilən 66.9 ton toxumluq kartof məhsuluna Agentliyin müfəttişləri tərəfindən baxış keçirilib.

Baxış zamanı idxal olunan məhsuldan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında müayinələrə cəlb olunub. Müayinələr nəticəsində nümunələrdə karantin tətbiq edilən orqanizm (“Clavibacter michiganensis subsp. sepedonicus” - kartof yumrularında halqavari çürümə) aşkar edilib.

Agentlik tərəfindən istifadəyə yararsız toxumluq kartof məhsulu partiyasının məhv edilməsi barədə qərar qəbul edilib.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq tədbirlər görüləcək.