Siracəddin Hacı yazır...



 

Nizami Gəncəvinin kimliyi

I YAZI

- Nizami Gəncəvinin kimliyini hansı ölçülərlə tanıda bilərsiniz?
- Nizaminin əsl adı Cəmaləddin əbu Məhəmməd İlyas bin Yusuf bin Zəkiəddin bin Müəyyəddin əl-Gəncəvidir, Azərbaycanın siyasi, iqtisadi, elmi düşüncə mərkəzlərindən biri olan Gəncədə doğulmuşdur, xanımının adı Afaq, oğlunun adı Məhəmməddir, Böyük Səlcuqlu dövlətinə bağlıdır, Azərbaycan türküdür, müsəlmandır, bütün varlığı ilə Allaha bağlıdır, dərin mədrəsə təhsili var, bütün elmləri öyrəndiyini yazır, oxumağı çox sevir, deyir ki, oxumadan, yeni şeylər öyrənmədən yatmaq haramdır, türk, fars, ərəb dillərini bilir, yunan və yəhudi qaynaqlarını araşdırır, Qurani-Kərimi, hədisləri, İslam alim və filosoflarının əsərlərini  dərindən öyrənmişdir, düşüncəsinin mayası İslam dini və mədəniyyəti olsa da, xristianlığı, musəviliyi, İncili, Tövratı, zərdüştlüyü, türk, fars, ərəb, yunan, hind, çin mədəniyyətlərini, tarixi, folkloru, musiqini, şeiri, əruzu diqqətlə araşdırmış, elm xəzinəsi ortaya qoymuşdur, şairdir, böyük iddiası var, deyir ki, dünyada şairlik Nizami ilə bitmişdir.

Nizami irfan məktəbinə bağlıdır, şeyxdir, arifdir, alimdir, mürşiddir, müridləri var, zühd əhlidir, qənaət sahibidir, təvazökardır, özünü yetişdirmək üçün riyazət üsulundan istifadə etmiş, çiləxanalarda çilələr çəkmişdir. Nizami ağıla çox önəm verir, deyir ki, ağıl mayadır, insanı seçən, üstün qılan ilahi nemətdir, insan ağlından doğru istifadə etsə, hər şeyi olar. Nizami böyük siyasət adamıdır, siyasəti, diplomatiyanı gözəl bilir, onun lirik şeirləri, “Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl”, “İsgəndərnamə” adlı beş məsnəvisi dünya mədəniyyətinin şah əsərləri sırasında yer tutur. O, məktəb yaratmış, dünya ədəbiyyatına ciddi təsir göstərmişdir, onun məsnəviləri əl-əl gəzmiş, insanlar bu əsərlərə bərəkət qaynağı kimi baxmışlar. Dünyanın önəmli kitabxanalarında Nizaminin əsərləri var, bu əsərlər dünya dillərinə tərcümə olunmuşdur. Hindistanda təkcə “Sirlər xəzinəsi” məsnəvisinin yüz yeddi nüsxəsini olduğunu bilirik...

Ardı var...

SeherXeber.org