Ölkədə mobil telefonlar ucuzlaşıb - FOTO



 

2021-ci ilin sentyabr ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 102,6 faiz, əvvəlki ilin sentyabr ayına nisbətən 110,4 faiz təşkil edib.

SeherXeber.org-un Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, sentyabr ayı ərzində ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri 2,6 faiz artıb. 

Ötən ayla 2020-ci ilin sentyabr ayını müqayisə etdikdə isə 10,4 faiz artımın qeydə alındığını müşahidə edirik.  

Sentyabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullardan çörək, makaron məmulatları, qarabaşaq yarması, un, düyü, kolbasa məmulatları, toyuq, qoyun və mal əti, təzə və dondurulmuş balıq, süd, kəsmik, pendir, yumurta, günəbaxan yağı, yemiş, qarpız, gavalı, banan, pomidor, göy lobya, badımcan, bibər, kələm, xiyar, kartof, soğan, sarımsaq, mərci, şəkər və şəkər tozu, konfetlər, çay, qəhvə və kakao tozu, kola içkisi, meyvə şirəsi və araq bahalaşıb.

Kivi, üzüm, alma, armud, naringi, balqabaq, çuğundur və yerkökü isə ucuzlaşıb. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

2021-ci ilin sentyabr ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,8 faiz, əvvəlki ilin sentyabr ayına nisbətən 105,9 faiz təşkil edib.

Sentyabr ayında əvvəlki ayla müqayisədə qeyri-ərzaq məhsullarından parçalar, geyim və ayaqqabılar, inşaat materialları, mebellər, minik avtomobilləri üçün ehtiyat hissələri, dəftərxana ləvazimatları, zərgərlik məmulatları bahalaşıb. 

Mobil telefon və ventilyatorların qiymətində isə azalma müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Sentyabr ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,5 faiz, əvvəlki ilin sentyabr ayına nisbətən 107,9 faiz təşkil edib.

Əhaliyə göstərilmiş ödənişli xidmətlərdən daha çox bahalaşma paltarların təmiri, kimyəvi təmizlənməsi və kirayəsi, ayaqqabı, mebel, məişət cihazları, minik avtomobilləri və mənzillərin təmiri, tibbi, stomatoloji, ictimai iaşə, bərbərxana və kosmetoloji xidmətlərin, mənzillərin icarə haqlarında və ödənişli ali təhsil haqlarında müşahidə olunub.

Hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin və respublikadan kənara istirahət turlarının qiymətləri isə azalıb. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.