28 May: Respublika Günü, yoxsa, Müstəqillik Günü?



 

Milli Məclisə Respublika Gününün adının dəyişdirlib Müstəqillik Günü, Müstəqillik Gününün isə Müstəqilliyin Bərpası Günü adlandırılması barədə qanun layihəsi təqdim olunmuşdur. Görünən budur ki, bu layihə hökmən qəbul olunacaq.

İndi baxaq görək bunun bir hüquqi, siyasi və linqvistik əsası varmı?
1918-ci il mayın 28-də qurucu babalarımız müsəlman-türk dünyasında pespublika quruluşuna malik ilk müstəqil dövlət qurdular. Bəs nədir bu respublika deyilən nəsnə?
Bu söz latın dilində “res publica”, yəni “ümumi iş” mənasını verir. Respublika quruluşuna malik olan dövlətlərdə dövlət və hakimiyyət orqanları ya birbaşa xalq tərəfindən, ya da xalqın seçdiyi orqanlar tərəfindən seçilir. Yəni respublika sırf seçkili dövlət idarəçilik formasıdır və bu cür dövlətlərdə xalq dövlətin idarə edilməsində bilavasitə, yaxud nümayəndələri vasitəsi ilə iştirak edir.
Bəs müstəqil dövlət nədir? Bu sualın cavabı, əlbəttə, hamıya məlumdur. Yəni əsarətdən azad olmuş, heç bir başqa dövlətə tabe olmayan, öz siyasətini müstəqil şəkildə yeridən dövlət deməkdir.
Bəli, biz 1918-ci lidə müstəqil dövlət qurduq. Ancaq bu müstəqil dövlət monarxiya da ola bilərdi. İstər mütləq monarxiya, istər konstitusiyalı monarxiya, istərsə də teokratik monarxiya olsun. Məsələn, Səudiyyə Ərəbistanı teokratik monarxiyadır, həm də müstəqildir. İspaniya konstitusiyalı monarxiyadır, həm də müstəqildir. Deməli, 1918-ci ildə qurulan dövlətimizin respublika idarəçilik formasında olması onun müstəqil olmasından daha önəmli əhmiyyət daşıyır. Yəni ola bilərdi, çar Rusiyası parçalandıqdan sonra Azərbaycan müstəqillik qazana bilərdi, amma qonşu İranda olduğu kimi şahlıq üsuli-idarəsi qurulardı. O zaman dövlətimiz müstəqil olacaqdı, amma respublika yox, mütləq monarxiya olacaqdı. Demək, yenə də respublika qurulmasının əhəmiyyəti müstəqillik qazanılmasının əhəmiyyətindən üstün olur. Müstəqilliyin qazanılması hələ demokratik dövlətin qurulması demək deyil. Demokratiya ya respublika quruluşuna malik dövlətlərdə, ya da konstitusiyalı monarxiyalarda olur. Mütləq və teokratik monarxiyalarda demokratiya ola bilməz.
Şəxsən mənim üçün çox maraqlıdır ki, adı çəkilən qanun layihəsini hazırlayıb parlamentə təqdim edən insanlar hansı arqumentləri əsas gətiriblər? Görəsən, bu addəyişməni zəruri edən amillər nədir? Olduğu kimi qalsaydı nə olardı ki? Addəyişmə ilə nə qazanacağıq?
Ən əsası, bu insanlar niyə bu barədə bir müzakirə açmadılar? Məşhur tarixçi, dilçi alimləri, politoloqları bu işə cəlb edib ümumxalq müzakirəsi açmaq olmazdımı? Axı biz demokratik dövlət qurmuşuq. Demokratiya isə xalq hakimiyyəti deməkdir. Hanı xalqın belə məsələlərdə iştirakı? Kimlərinsə birdən ağlına bir fikir gəlir, qanun layihəsi hazırlayıb parlamentə təqdim edir. Orda oturan deputatların isə əksəriyyətinin məsələnin mahiyyətindən anlayışları belə yoxdur. Kor-koranə qəbul edirlər layihəni.
Sözümün sonunda bu məsələ ilə bağlı öz təklifimi verirəm:
Respublika Gününün adı dəyişməsin, Müstəqillik Günü isə Müstəqilliyin Bərpası Günü adlandırılsın.
Ancaq kimdir mənim təklifimi nəzərə alan? Bizdə qanunları xalq qəbul etmir ki, bir ovuc “seçilmişlər” qəbul edir.

Cəbrail Həşimov, SeherXeber.org