Bu mənim bu günkü qəzetə köşə yaxındır



 

Biz nə vaxta qədər İran ayatullahlarına biət edəcəyik?

Azərbaycanlılar hər il İrana milyonlarla dollar xüms göndərir

İllər öncə yazmışdıq ki, İranın Azərbaycan vətəndaşlarını dini bağlarla özünə bağlaması, onların hissləri ilə oynaması yalnız vətəndaşlarımız üçün deyil, həm də dövlətimiz üçün yaxşı perspektiv vəd etmir. Amma bu SOS siqnallarına baxmayaraq Azərbaycan hökuməti yalnız Nardaranda uğursuz bir polis əməliyyatı keçirməklə kifayətləndi.
Əslində isə Azərbaycanda zərərli İran faktorunu aradan qaldırmaq bir günlük, bir neçə saatlıq əməliyyatın işi deyil. Buna illər, bəlkə də onilliklər lazımdır. Lakin biz bu istiqamətdə demək olar ki, heç bir addım atmamışıq. Ona görə də Azərbaycanın inanclı vətəndaşlarının özünü şiə hesab edən hissəsi hər il İrana milyonlarla dollar xüms göndərir, İran ayatullahlarına biət edir, onların fətvası ilə hərəkət edir. Vətəndaş bizim olsa da onu İran dini liderləri idarə edir, desək yanılmarıq.
Siz təsəvvür edin ki, bütün dünyada mübarək Ramazan ayının başlanması və bitməsini elmi şəkildə müəyyən etsələr də, Azərbaycan şiələri yalnız öz inandığı İran ayatullahınin fətvasına gözləyir.
Əvvəldən də bəlli idi ki, İran iqtidarı dindən sadəcə olaraq, öz hakimiyyətini qorumaq üçün istifadə edir. Bu son bir ildə çılpaqlığı ilə, ağlı başında olan, dünyanın gedişatını bilən hər bir vətəndaşımız üçün aydın oldu. Biz müsəlman olduğumuz halda İran erməniyə dəstək verdi. Amma bununla belə, hazırda İrana fanatiklik edən mollalarımız və onların ətrafında birləşən kifayət qədər vətəndaşlarımız var.
Azərbaycan hökuməti məhz bu məsələdən əndişələnməli, İranın ölkəmizdə basdırdığı "minalar"dan cəmiyyəti təmizlənməlidir. İranın Azərbaycanda bastirdığı "minalar" ermənilərin işğaldan azad edilmiş ərazilərimizdə bastirdığı minalardan daha təhlükəlidir.
Azərbaycan hökuməti bu bəladan qurtulmaq üçün heç də İran ayatullahlarına biət edən ölkə vətəndaşlarını məsuliyyətə cəlb etməli, hər hansı bir əməliyyat aparmalıdır.
Birinci növbədə dini maarifləndirmə işi gücləndirilməlidir. İnanclı insanlarımıza izah etməliyik ki, İslam dini yalnız İran ayatullahlarının dediklərindən ibarət deyil.- Onların qəsd etdiklərinin əksəriyyəti İran iqtidarının daha uzun müddət ayaqda qalmasına hesablanıb. Bu məsələ faktlarla aydın şəkildə şiə məscidlərinin camaatına izah edilməlidir. Amma buna qədər həqiqi İslam dinin Azərbaycanda mükəmməl bilən mütəxəssislərə ehtiyac var. Məsələnin açar məqamı da məhz buradadır.
Dünya təcrübəsi göstərir ki, bütün dövlətlərdə din siyasətə mütləq qarışıb. Və ya əksinə, siyasət dinə nüfuz edib. Ona görə də istənilən ölkədə yetişən din xadimi istər-istəməz həmin dövlətin siyasi mövqeyindən çıxış edən idealogiya ilə yüklənir. Bu səbəbdən də onlar yetişdikləri dövlətin siyasi mövqeyindən çıxıs edir. Biz din xadimlərinin İrandan deyil, Səudiyyə Ərəbistanında dəvət etsək, gələn din xadimi həmin dövlətin siyasi mövqeyindən dini məsələlərə baxacaq. Ona görə də, din xadimləri hər bir ölkənin daxilində yetişməlidir. Bunun üçün isə ölkədə dini məktəb, dini institut yaradılmalıdır. Bu işdə dinlə elmi şəkildə məşğul olan yerli mütəxəssislərin potensialından istifadə edilə bilər.
Artıq Azərbaycanın dövlət müstəqilliyini bərpa edilməsindən 30 il keçır. Bu o deməkdir ki, biz müstəqillik qazanandan sonra doğulan uşaqların artıq 30 yaşı var. Bu müddət ərzində biz birinci nəsil din xadimlərinin artıq yetişdirmiş olmalı idik.
Məsələn, bəlkə də Ziya Bünyatov yaşasaydı öz gücünə artıq Azərbaycanın ayatullahı səviyyəsinə qalxa bilərdi. Əgər müstəqil, heç bir dövlət tərəfindən təsirlənməmiş, savadlı din xadimləri axtaracaq, yəqin ki, ölkədə belələrini kifayət edəcək sayda tapmaq mümkündür.
Bu işdə Azərbaycanla daha yaxın əməkdaşlıq və tərəfdaşlıq edən müsəlman ölkələrinin mütəxəssislərindən də istifadə etmək.olar. Məsələ, Azərbaycan üçün ən münasib olan ölkə Türkiyə sayıla bilər. Düzdür, Türkiyədə əhalinin əksəriyyəti sünnə, Azərbaycan isə şiə məzhəbinə mənsubdur. Bu uyğunsuzluq ilk dövrlərdə mûəyyən problemlər yarada bilər, amma zaman axarında bütün problemlər aradan qalxacaq, ölkənin vahid dini-siyasi mövqeyi formalaşacaq.
Bu xüsusda bir məsələni də qeyd edək ki, Türkiyənin dini liderləri heç də şiə məzhəbinə qarşı aqressiv mövqedə deyil.
Belə ki, bir neçə il əvvəl, Heydər məscidinin açılışında dərhal sonra adını unutduğum bir türk müştəvid həmin məscidin ziyarətinə gəlmişdi. Məscidin axundu bir neçə dəfə təkrar müştəhidə sual verdi ki, şeyx, siz hansı məzhəbə məxsussunuz. Müştəhid axundun israfına rəğmən bildirdi ki, mən Həzrəti Muhəmməd Peyğəmbərin (s.a.s.) məzhəbindənəm. Axund təəccüblə buyurdu ki, Peyğəmbərin məzhəbi yoxdur axı?
O zaman türk ayatullah gülümsəyərək dedi ki, yavaş-yavaş verdiyin suala özün cavab verirsən...
Sonda nəticə olaraq qeyd edək ki, Azərbaycan ölkə daxilində başqa dövlət tərəfindən təsirlənməmiş ayatullahlar yetişdirməlidir ki, ölkə vətəndaşları başqa dövlətlərin siyasi-ideoloji təsiri altında olan ayatullahlara biət etməsin. Bunun üçün bizə xeyli zaman gərəkir. Ona baxmayaraq biz bu istiqamətdə addımlar atmalı, tezliklə Azərbaycan atatullahlarıni yetisdirməliyik. Bunun üçün artıq ölkədə potensiallar var. Belə ki, həm savadlı, məktəb qura biləcək din xadimlərimiz, həm də bizə dəstək verəbiləcək Türkiyə kimi qardaşımız var.
Akif Nəsirli