Nazir işğaldan azad edilmiş ərazilərlə bağlı ilkin məqsədlər barədə məlumat verdi



 

“İşğaldan azad edilmiş ərazilərə əhalimizin qaydışının təmin edilməsi üçün oranın minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi başlıca məqsədimizdir”.

SeherXeber.org-un məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Dayanıqlı inkişafın maliyyələşdirilməsi: COVID-19 pandemiyasından dayanıqlı və yaşıl bərpa” mövzusunda keçirilən tədbirdə deyib.

O bildirib ki, hazırda bu məqsədlə beynəlxalq təşkilatlarla, tərəfdaşlara, xüsusilə də BMT-nin qurumları ilə əməkdaşlıq davam edir:

“Növbəti addımlarda isə işğaldan azad edilmiş ərazilərdə müasir infrastruktura uyğun olaraq “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları daxil olmaqla yaşıl enerji zonalarının tətbiqi nəzərdə tutulub. Bu da “2021‒2025-ci illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərə alınıb. Dayanıqlı inkişafa nail olmaqda əməkdaşlığımızın rolu böyükdür”.

Nazir əlavə edib ki, 2030-cu ilin gündəliyindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi , o cümlədən ölkənin iqtisadi, sosial və ekoloji potensialının daha da gücləndirilməsi üçün beynəlxalq investorların iqlim dəyişiklikləri ilə mübarizədə donor təşkilatların cəlbi, beynəlxalq təşkilatlarla ayrı-ayrı ölkələrlə tərəfdaşlıq əlaqələrin genişləndirilməsi, özəl və dövlət şirkətlərinin prosesə qoşulması, özəl sektor tərəfdaşlığının yüksək səviyyəyə qaldırması vacibdir, ən qabaqcıl dünya praktikası da bunu təsdiqləyir:

“Bu məqam inkişaf maliyyələşdirilməsi üçün Üçüncü Beynəlxalq Konfransda qəbul edilmiş gündəlikdə öz əksini tapıb. Yaxın vaxtlarda bununla bağlı yeni təkmilləşdirilmiş qanunvericiliyi dövlət başçısına təqdim etmək niyyətindəyik. Bu sənədin hökumətdə razılaşdırma prosesi başa çatır”.

İlhamə Əbülfət