Şəhid anası: “Uşaqlar təxminən yeddi saat pusquda qalıblar...” 



 

 

Xalqımız Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı Prezident İlham Əliyevin rəhbərliyi altında cəsarətli Azərbaycan ordusunun Vətənimizin işğal olunmuş ərazilərinin azad edilməsi naminə döyüşə girməsinin ildönümünü qeyd edir.

Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlarımızı hər zaman xatırlayırıq. Adını Vətənimizin tarixinə əbədi olaraq yazdıranlar arasında Cəbrayıl şəhərinin azad edilməsi uğrunda cəsarətlə döyüşən və Füzuli rayonunun Musabəyli kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan 19 yaşlı Emil İsmiyev də var.

Media.Az oğlunun qəhrəmanlıqlarından qürurla danışan şəhidin anası Ofeliya İsmiyeva ilə söhbətləşib.

- Emil 7 avqust 2001-ci ildə Ağdaşda dünyaya gəlib. Bizim həmişə kasıb, ancaq əməksevər ailəmiz olub, bu səbəbdən o, kiçik yaşlarından pul qazanmaq məcburiyyətində qalıb. O, toylarda, ictimai iaşə yerlərində işləyirdi, hətta ağaclardan meyvə dərirdi. Ümumiyyətlə, bir tikə çörək qazanmaq üçün əlindən gələni edib.

- Təhsil almayıb?

- Dediyim kimi, o, oxumaq hayında deyildi. Emil deyirdi: “Mən həmişə işləyəcəyəm, qoy kiçik qardaşım təhsil alsın”. Beləliklə, 9-cu sinfi bitirdikdən sonra işləmək üçün paytaxta getdi. Sonra koronavirus pandemiyası başladı, bu səbəbdən uşağımı təxminən bir il görmədim. Karantin tədbirləri səbəbindən heç cürə onun yanına gedə bilmədik və onun da bizə gəlmək imkanı olmadı. Bütün bu müddət ərzində yalnız telefonla əlaqə saxladıq.

- Sonra da orduya çağırıldı?

- Bəli, o vaxt kafedə işləyirdi. İlk üç ay Sumqayıtda xidmət etdi. Hərbi hissədəki hər kəs onu sevirdi, çünki çox enerjili gənc idi. Bölgüdən sonra onu Bakıya qaytardılar. Komandirlər tez-tez onu tərifləyirdi. Bir qayda olaraq, gənc əsgərlər rütbəcə böyük olanlarla ünsiyyət qurmur, amma Emil istisna idi. O, hər kəsə böyük hörmətlə yanaşırdı və bu qarşılıqlı idi. Mənə bunu dediyini xatırlayıram: “Ana, ordudan qayıtdıqdan sonra mənimlə çox fəxr edəcəksən”. Və belə də oldu... Düzdür, indi təkcə mən və ya qohumlarımız deyil, bütün Azərbaycan onunla fəxr edir.

- Cəbhəyə göndərildiyini necə bildiniz?

- Sentyabrın 27-də atasına bu barədə məlumat verdi və mənə deməməsini istədi. Buna baxmayaraq bir müddət sonra yoldaşım Emilin Füzuli rayonunda cəbhə bölgəsinə göndərildiyini söylədi. Dərhal oğluma zəng etdim. Telefonun dəstəyində bərk atəş səsləri eşitdim, amma o məni sakitləşdirdi: “Ana, narahat olma, biz döyüşmürük, səngərdə oturub gözləyirik”. Mənə deyirdi ki, qardaşımı qoruyum. Həmçinin dostlarına da zəng vuraraq deyib: “Bütün inciklikləri bağışlayın. Hər şey ola bilər, bəlkə də geri dönməyəcəyəm... Odur ki, özünüzə diqqət edin və qardaşıma baxın”.

- Sizinlə əlaqə saxlamaq imkanı var idi...

- Bəli, ancaq sentyabrın 30-dək. Bundan əvvəl mənimlə əlaqə saxlayaraq, ertəsi gün ilk dəfə döyüşə girəcəyi, bəlkə də zənglərin ona çatmayacağı barədə xəbərdar etdi. Bundan əvvəl mənim narahat olacağımı bilərək, bütün bu müddət ərzində döyüşmədiyini demişdi (baxmayaraq ki, ilk gündən cəsarətlə döyüşürdü) və məni aldatmışdı. O gecə səhərə qədər yatmadım... Nə onunla, nə də dostları ilə əlaqə saxlaya bilmədim. Zəng üçün çox cəhdlər oldu, ancaq mən yalnız ermənicə avtomatik cavab alırdım. Bütün bunların nə demək olduğunu, uşağın niyə bizə cavab vermədiyini öyrənmək üçün ərimi təcili olaraq hərbi qeydiyyat məntəqəsinə göndərdim. Düzünü deyim ki, o vaxtlar dəli kimi idim...

- Hərbi komissarlıqdan nə dedilər?

- Yoldaşıma dedilər ki, əsgərlərimiz hücuma keçib, ona görə də avtomatik cavab erməni dilindədir. Tezliklə oğlumun xidmət etdiyi hərbi hissənin komandirinə zəng etdim. Dedi ki, ordumuz bu yaxınlarda Cəbrayıl şəhərini geri qaytarıb və Emil bu işdə iştirak edib. Bunu eşidən kimi ürəyim sanki yatdı, çünki orada necə şiddətli döyüşlərin getdiyini bilirdim. O zaman o mənə oğlumun artıq şəhid olduğunu deyə bilmədi...

- Oğlunuz əsl qəhrəmandır...

- Bəli, sizinlə razıyam. Cəbrayıl azad edildikdən sonra onlar Füzuli rayonuna qayıdıblar. Qatı duman olub, bölüyün yarısı başqa istiqamətə gedib. Çox qaranlıq gecə imiş. Emil, rota komandiri və bir neçə nəfər mina sahəsində itkin düşür. Təsəvvür edin, duman, qaranlıq və uzaq bir yerdə ermənilərin səsləri. Oğlum hər kəsi bir ağacın yanında qoyub, özü isə bölüyün qalan hissəsini axtarmağa gedib. O, mina sahəsini gəzib və geri dönmək üçün yola xüsusi işarələr qoyub. Bunun sayəsində yoldaşlarını minalanmış ərazidən çıxara bilib.

Füzuli rayonunda strateji əhəmiyyətli hesab olunan Musabəyli kəndi yerləşir. Qarşısında beş erməni postu olub. İlk dördü ordumuz tərəfindən itkisiz məhv edilib. Ancaq beşinci posta yaxınlaşanda Azərbaycan geyimində və əllərində bayrağımız olan hərbçilər görünüb. Onlar paltarlarını dəyişmiş ermənilər imiş... Onlar hiylə ilə əsgərlərimizi mühasirəyə alırlar. Uşaqlar təxminən yeddi saat pusquda qalıblar. Emil ağır yaralansa da silahını buraxmayıb. Nəticədə oğlum qan itkisindən ölüb. Ölərkən komandirdən mənə saatını verməsini istəyib.

- Onun ölümü barədə necə bildiniz?

- Oktyabrın 8-də oğlum Ağdaşdakı xəstəxana meyitxanasına yerləşdirildi. Şəhid gətirilməsini bilən insanlar xəstəxanaya toplaşıblar. İnsanlar evimizə gəlirdilər, amma heç bir şeydən xəbərim olmadığını anlayanda gedirdilər. Nə baş verdiyini anlamırdım. Ertəsi gün səhər saat yeddidə Şəhər İcra Hakimiyyətinin nümayəndələri bizə gəldi. Məni oyadaraq dedilər: “Tez ol, dur, Emili yaralı gətiriblər”. Evdən çıxanda gördüm ki, qapıya qara yaylıq bağlanır. Dərhal anladım ki, oğlum yaralansaydı, bunu etməzdilər... Başımıza gələnlərə inana bilmirdim. Tabutun qapağını açmağa getdim ki, doğru olduğuna inana bilim. Üzündə təbəssüm vardı, sanki yatmışdı... Mənə dedilər: “Bax, gülümsəyir. Bunun səbəbi, indi cənnətdə xoşbəxt olmasıdır”. Amma cavab verdim ki, o mənə gülümsəyir, çünki nəhayət onunla qovuşduq.

- Başınız sağ olsun. Oğlunuzu necə xatırlayırsınız?

- Çox çevik və cəsur bir gənc idi. Bütün çətinlikləri asanlıqla dəf edirdi. Yadımdadır, dəfələrlə Emilə onunla heç bir olayın baş verməyəcəyini demişəm. Qardaşının, dostlarının və bütün ailənin dayağı idi. Xəyalları vardı... Emil həyat dolu idi, amma həyatdan doya bilmədi. Onunla çox güclü bir bağımız vardı. Bilirəm ki, Allahdan öz ömrünün günlərindən mənə pay verməsini çox dua edib. Duaları qəbul oldu. Emil mənə təkrar-təkrar deyirdi: “Ana, sənsiz mən heç nəyəm”... Tale elə gətirdi ki, uşağımı itirdim, amma çox qürur duyuram, çünki əsl qəhrəman kimi şəhid oldu.

Leyla Eminova