Ərzaq məhsullarının qiyməti artıb



 

Paralel. az xəbər verir ki, son günlər bütün əsas ərzaq məhsullarında qiymət artımı müşahidə olunur. Rəsmi dairələr bu barədə məlumat verməsələr də, market və maqazalarda bunu açıq görmək mümkündür.
Ümumiyyətlə, Azərbaycanda qiymət artımı adi hala çevrilib. Elə bil bu məmləkətdə sahibkarların qiymət siyasətinə heç bir nəzarət yoxdur. Tarif (Qiymət) Şurası adlanan qurum da, istədiyi vaxt qiymətləri qaldırmaq (aşağı salmaq yox, haaa) səlahiyyətinə malikdir. Amma müavinatların, maaşın, pensiyaların artıb-artmaması, onun maraq dairəsində olan məsələ deyil. Məhz bu səbəbdən də,  Azərbaycanda sadə vətəndaşların rifahı günü-gündən daha da aşağı düşür. Məsələn, Yasamal rayonunda yaşayan Qulamhüseyn kişi deyir ki, 3-4 «şirvan» maaş alanda vəziyyəti indikindən daha yaxşı olub: »Əslində, maaş artımı heç nəyi dəyişmir. Əsas məsələ pulun dəyərindədir, o zaman 3 -4 «şirvana» aldığını indi 400-500 manata ala bilmirsən axı, nə olsun ki, 500-600 manat maaş alırsan. Pulun dəyəri yoxdur ey, yoxdur!». Hazırda Azərbaycan hökuməti devalvasiyanı cilovlayaraq, manatın dollara nisbətini qoruyub saxlamağa çalışır. Bununla belə, qiymət artımını heç kim cilovlaya bilmir. Dolların qiyməti artmasa da, tikinti materiallarının, ərzaq və qeyri-ərzaq məhsullarının qiyməti durmadan artır. Son günlər təkcə şəkər tozunda qiymət 5-10 qəpik artıb, bu da təxminən 7-8 faiz deməkdir. Ancaq rəsmi statistika bu xırdalıqlara əhəmiyyət vermir və bir ildə ərzaq məhsullarının qiymətinin cəmi 0,7, 0,9 faiz
artdığını iddia edir. Bu isə reallıq yox, sadəcə rəqəm oyunudur.
Pandemiya başlayan gündən isə nə sosial ödənişlərdə, nə də maaş və pensiyalarda heç bir artım müşahidə olunmur. Bilirsiniz niyə? Çünki, «Azərbaycan xalqı, dözümlü xalqdır»
 
Yusif Seyid