Vətən müharibəsi qazisi Mobil Əhmədzadə: “Beş gün meşədə tək qaldım” - FOTO


25
 

 

“Düşmən bizi gördü. Bir az keçmişdi ki, arxaya çönüb baxanda düşmən tankı ilə üz-üzə dayandığımızı gördüm”.

Bu sözləri 44 günlük Vətən müharibəsi qazisi Əhmədzadə Mobil müsahibəsi zamanı deyib.

SeherXeber.org həmin müsahibəni təqdim edir:

- Xoş gördük sizi Mobil! İlk olaraq sizin kimi bir qəhrəmanı tanımaq bizim üçün fəxrdir. Bizə bir az özünüzdən danışın. Neçənci ildə, harada anadan olmusunuz?

- Mən Əhmədzadə Mobil İlqar oğlu 1999-cu ildə Bakı şəhərində anadan olmuşam. Orta təhsili Yasamal rayonu 286 saylı orta məktəbdə almışam. Daha sonra 2014-cü ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olmuşam. 2017-ci ildə həmin liseyin məzunuyam. Daha sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul oldum və 4 illik hərbi təhsilimi orada davam etdirdim. Artıq 4-cü kursda oxuyan zaman II Vətən müharibəsi başladı və mən vaxtından əvvəl leytenant rütbəsini alaraq müharibəyə qatıldım.

- Bildiyimiz kimi sentyabr ayının 27-i “Zəfər” savaşının başladığı ilk gündür. Siz necə oldu ki, 44 günlük “Zəfər” savaşında iştirak etdiniz? Könüllü olaraq getmişdiniz ya səfərbərliklə?

- Mən Zabit olduğum üçün və vaxtından əvvəl leytenant rütbəsi verildiyi üçün, yəni işim olduğu səbəbiylə, eyni zamanda da könüllü olaraq qatıldım. Hər zaman istəyim olub ki, müharibədə iştirak edim, Vətənimi qoruyum...

- Hərbiyə olan həvəsiniz necə yarandı? Sizdən başqa ailədə hərbçi olan var?

- Biz əslən Qarabağdan, Füzulidənik. Lakin ailəmdə və qohumlarımda hərbçi yoxdur. Hətta deyərdim nəsildə ilk hərbiçi mənəm.

- Həmişə müharibə deyən zaman təsəvvürünüzdə nə yaranırdı? 44 günlük savaşda gördüyünüz mənzərələr ilə təsəvvürünüzdə yaranan müharibə eyni idimi? Yoxsa daha dəhşətli?

- Həmişə 92-ci illərdə baş verən hadisələrin kadrlarına baxırdım, həmçinin evdə valideynlərimin danışdıqlarından müharibə haqqında təsəvvürüm var idi. Daha sonra hərbi təhsili aldığım zaman müharibənin elmi tərəfini öyrənməyə başladım. Həmçinin ixtisasımın motoatıcı olması, həm praktiki həm də elmi cəhətdən mənə çox yardımçı oldu. Müharibə təsəvvürümdə mənə çox çətin gəlirdi. Lakin artıq həm təhsil aldıqdan sonra, həm də müharibəni gördükdən sonra alışmağa başladım.

- Şəhid və ya qazi olmaq ağlınızdan keçmişdimi? Çünki müharibəyə gedirdiniz, Vətən savaşı idi, hər şey baş verə bilərdi...

- Bəli, ağlımda şəhid olmaq kimi düşüncələr var idi. Ya sağ qayıdacam, ya da şəhid olacam deyə düşünürdüm. Lakin əsirliyə düşmək və qazi olmağı düşünməmişdim. Bu düşüncələr heç bir qorxu vermirdi, demək olar bütün gün müxtəlif mərmi səsləri, snayper atışları bizi artıq alışdırmışdı. Döyüşün ilk 1 saatı insana çətin gəlir, daha sonra həmin mühitə uyğunlaşırsan.

- İlk dəfə yanınızda döyüş yoldaşınız şəhid olan zaman necə oldunuz? Nə hisslər keçirdiniz? Yenidən döyüşməyə, mübarizə aparmağa özünüzü necə ruhlandırdınız?

- Həmin vaxt bir soyuqqanlılıq var idi, çünki hazırlıqlı idim, bilirdim ki, müharibə şəhidsiz olmur. Düzdü şəhidlərimizi gördükcə üzülürdük, amma qisas hissi daha çox artırdı, düşməni məhv etmək hissi içimizdə daha çox böyüyürdü. İçimizdəki aqressiyadan daha çox döyüşmək istəyirdik, daha da irəliyə getmək idi məqsədimiz .

- Müharibəyə nə zaman getdiniz? Əsir düşməniz necə oldu?

- 2020-ci ilin sentyabr ayının 28-də Bakı şəhərindən Gəncəyə yola düşdüm. Müharibənin son gününə qədər mən ön xətdə olmuşam. Noyabr ayının 8-i Şuşa ətrafı döyüşlər gedirdi. Ermənilərin hərbi hissəsi çıxdı qarşımıza, əsgər taboru və motoatıcı zabit heyəti ilə birgə üzbəüz döyüşə girdik. Çox ağır döyüş oldu, həmçinin yaralılarımız və şəhidlərimiz də çox oldu. Döyüş zamanı mayor Ələkbərov Fərid ilə dayanmışdıq daş hasarın kənarında, o mənə dedi ki, əmr ver 15 nəfər keçsin yolun sol istiqamətinə, çünki düşmən bizi mühasirəyə almaq istəyirdi. Daha sonra biz ikimizdə keçdik durduq yolun sol istiqamətində və düşmən bizi gördü. Bir az keçmişdi ki, arxaya çönüb baxanda düşmən tankı ilə üz-üzə dayandığımızı gördüm. Tankı gördüyüm an partlayış oldu silahım əlimdən çıxdı, yaralandım və heç bir şey hiss etmədim. Hər iki ayağım və bədənim kəsik-kəsik oldu. Bir az sonra mayor Fərid Ələkbərovun üzü üstə yıxıldığını, tərpənmədiyini gördüm. O zaman anladım ki, Fərid şəhid olub....

Müharibədə bir neçə saniyə böyük rol oynayır...

- Daha sonra nə oldu? Nə baş verdi?

- Daha sonra yaralı halda gəldim əvvəl dayandığım daş hasara söykəndim. İki ayağım da kəsik-kəsik idi. Əsgərlər gəldi ayaqlarımı juqutla bağladı ki, qan getməsin. Yavaş-yavaş özümdən getdiyimi hiss edirdim, su istədim, yaralı olduğum üçün su vermədilər, çünki su içən kimi qan itirirsən və özünü hiss etmirsən. Bir neçə dəqiqə sonra özümü dərk etmədiyimi hiss etdim: ətrafda baş verənlər yuxu kimi görünürdü. Kəlmeyi-şəhadəti dedim, gözlərimi yumdum, elə bildim ki, şəhid oluram. Üstündən bir az keçdi ayıldım. Daha sonra əsgərlər gəldi, məni yerə uzandırdıqdan sonra özləri döyüşə davam etdilər. Mən yaralı halda meşə tərəfdə qaldım.

- Həmin an nə düşündünüz? Peşmanlıq hissi oldu?

- Yox peşman olmadım. Həmin vaxt çox hadisə baş verdi. Mən beş gün meşədə tək qaldım. Həmin o beş gündə özümdə olmurdum, ac-susuz idim, ayılırdım, özümdən gedirdim. Ağrılarım var idi, qan itirirdim deyə özümdə olmurdum.  

- Biz adətən filmlərdə görürük müharibəni, əsir həyatını. Necə oldu sizi əsir götürdülər?

- Beş gün ərzində elə olurdu ayılırdım, sonra huşumu itirirdim. Deməli həmin vaxt özümü ayaq üstə ayıq olaraq saxlamaq istəyirdim, bilmirəm yuxu görürdüm ya ayağa qalxıb düşünmüşəm - dəqiq xatırlamıram, meşədə olanda öz özümə danışırdım ki, buradayam gəlin bura, öz əsgərlərimin gəldiyini görürdüm, yəni mənə elə gəlirdi .

Sonra cibimdə 30 manat pul var idi, 10 manatı götürüb ağacın yanına qoydum ki, taksi gəlib aparsın məni. Mənə elə gəlirdi ki, başqa kənddəyəm və taksi çağırmışam gözləyirəm gəlib aparsın. Meşədə olmağımın 5-ci günü ayılanda gördüm ki, maşındayam, harasa gedirəm, heç bir şey hiss etmirəm. Bir az keçdi sağ tərəfimə baxdım, gördüm ki, sağ tərəfimdə adam oturub. Erməni olduğunu bilmirdim, elə bildim bizim əsgərlərdəndi, məni tapıblar. Su istədim, başımdan vurdular, hələ də erməni olduğunu anlamadım, düşündüm ki, mənə su olmaz, ona görə su vermirlər. Yenə mən özümdən getdim. Bir az keçəndən sonra ayılanda gördüm ki, başqa dillərdə danışırlar və hər 10 dəqiqədən bir maşın dayanır, kimsə mənə baxır, daha sonra yenə yola davam edirik. Sonra yenə su istədim, mənə su verdilər, suyu içib yanıma qoydum. Daha sonra yenə özümdən getdim, ayılanda artıq gördüm xəstəxanadayam, sol ayağım bağlanıb, sağ ayağım isə amputasiya olunub.

- Günləri necə hasablayırdınız, meşədə neçə gün qaldığınızı necə bildiniz?

- Meşədə olanda ayın tarixini, hansı gün olduğunu bilmirdim. Əsirlikdə olanda hesabladım neçə gün qalmışam, hansı tarixlərdə orada qalmışam.

- Xəstəxanaya gətirdilər, davranış necə idi ?

- Artıq gözümü açanda başa düşdüm ki, mən Yerevandayam, əlim-qolum bağlanıb, sağım-solum ermənidir. Orada mənə işgəncələr çox oldu. Sağ ayağımı onlar amputasiya etmişdilər, sol ayağıma tez-tez spirt tərkibli iynə vururdular, hansı ki, hal-hazırda sol ayağımda hissiyyat zəifdir.

- Xəstəxanada neçə gün qaldınız?

- Dörd gün reanimasiyada qaldım, mənim üçün çox çətin oldu.

- Yerevanda olan zaman düşündüyünüz nə idi, kim idi? O zaman nə istəyiniz olurdu?

- Bir tək düşündüyüm o idi ki, Azərbaycanda bilsinlər ki, mən yaşayıram.

- Burada xəbər almadıqları üçün itkin bilirdilər?

- İlk öncə şəhid kimi biliblər, amma nəşimi tapmadıqları üçün narahat idi hər kəs. Daha sonra itkin düşdüyümü bildiriblər. Bütün rayon hospitallarında məni axtarıblar. Hər kəs itkin olduğumu bilirdi, anamnan başqa. Anam əsirlikdə Şuşada xidmətdə olduğumu bilirdi.

- Xəstəxanadan çıxandan sonra necə oldu? Hara apardılar sizi?

- Xəstəxanadan çıxandan sonra məni həbsxanaya apardılar. 30 gündən çox həbsxanada qaldım. Gün, saat, həftə heç bir şey bilmirdim.

- Həbsxanada necə davranırdılar?

- Reanimasiyaya baxanda yaxşı davranırdılar. Çünki reanimasiyada hər kəs vururdu, döyürdü. Həkimi, hərbçisi, xadiməsi, bir sözlə yanıma gələn hər kəs işgəncə verirdi. Bu hallar həbsxanada çox baş vermirdi.

- Nə qədər müddət əsirlikdə qaldınız?

- Mən 35 gün əsirlikdə qaldım. Dekabr ayının 14-ü əsirlərin hamısı Azərbaycana, Heydər Əliyev adına hava limanına gəldi. 14 gün karatində qaldıq.

- Ən çox nədən ötrü darıxmışdınız?

- Bilirsiniz müharibədə olan insan o qədər soyuqqanlı olur ki, hər şeyə hazır olursan. Yerevanda olanda yuxuya gedib, ən çox maşın sürmək xəyalı qururdum. Düşünürdüm ki, görəsən, maşın sürə biləcəm? Axı ayağım amputasiya olunmuşdu....

- Bəs Azərbaycana gəlməyiniz necə oldu?

- Dekabr ayının 14-ü gəlib bizim gözlərimizi bağlayıb apardılar. Təyyarə Yerevandan qalxıb, Heydər Əliyev adına hava limanına enəndə bizi təcili tibbi yardım maşınları gözləyirdi. Tibb bacılarının ağladığını gördüm. Tez müharibənin sona çatıb çatmadığını soruşdum. Deməli müharibə mənim yaralanmağımdan bir gün sonra bitib. Ərazilərin hamısının bizdə olduğunu bildim. Daha sonra 14 gün karantində qaldıqdan sonra 30-u evə qayıtdıq.

- Əsirlikdə olanda evə necə xəbər göndərirdiniz? Yaxud xəbər göndərmək olurdumu?

- Mən əsirlikdə olduğum zaman bir neçə dəfə Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri gəlmişdi. İlk dəfə gələndə məni başqa bir otağa aparıb gizlətdilər. Başımın üstündə bir erməni hərbçisi dayandı və səsimi çıxartmamağı tapşırdı. Daha sonra digər əsirlərdən Qırmızı Xaçın gəldiyini soruşdum. Onlar digər əsirləri görüblər amma məni görməyiblər. Daha sonra Beynəlxalq Qırmızı Xaç Komitəsi ikinci dəfə mənim yanıma gəldi. Onlar məni keçən dəfə niyə görmədiklərini soruşdular, mən də əsas səbəbi demədim. O zaman ailəmə məktub yazmaq istədim, sağ olduğumu, hər şeyin qaydasında olduğunu yazdım. Ayağımın amputasiya olduğunu yazdım, daha sonra protez qoyulacağını və hər şeyin yaxşı olacağını bildirdim. Məktubun sonunda artıq Qarabağ qazisiyəm deyə vurğuladım. Düşündüm ki, məktubu çatdırmazlar, çünki mən artıq Qarabağın bizdə olduğunu və mənim də qazi olduğumu vurğulamışdım. Məktub amma evə çatmışdı, hamı da bildi ki, mən əsirlikdəyəm. Məktubdan bir həftə sonra Azərbaycana gəldim.

- Bir qazi kimi bu gün sizi narahat edən hansı məsələlər var?

- Mənim heç bir narahatçılığım yoxdur. Dövlətimiz bir qazi olaraq qayğımıza qalır, diqqətini əsirgəmir! Mən buradan şəhid ailələrinə demək istərdim ki, sizin övladlarınızın ruhu şaddır. Başınızı dik tutun əziz şəhid anaları! Qazi qardaşlarıma da can sağlığı arzulayıram!

Nərmin Kazimova