Paşinyan ikinci erməni dövlətindən danışdı



 

Erablur ziyarəti baş naziri bir qədər də cəsarətləndirdi

SeherXeber.org xəbər verir ki, dünən - Ermənistanın müstəqilliyi günü İravandakı Erablur əsgər qəbristanlığından həlak olmuş əsgər valideyinlərini polis qovub. Bildirilir ki, həmin vaxt baş nazir Nikol Paşinyan qəbristanlığı ziyarətə gələcəkmiş. Həlak olmuş əsgər valideyinləri isə baş nazirin Erabluru ziyarət etməsinə etraz əlaməti olaraq onun yolunu kəsməyə cəhd edib. Buna görə də polis əsgər valideyinlərini qovaraq qəbristanlıqdan çıxarıb və baş nazirin Erabluru ziyarəti polisin nəzarəti altında baş tutub. İndiyə qədər Paşinyan bu qəbristanlığı bir neçə dəfə ziyarət etməyə cəhd göstərsə də, lakin həlak olmuş əsgər valideyinləri buna imkan verməçmişdi.

Elə həmin gün Paşinyan Ermənistanın müstəqillik günü münasibətilə xalqa müraciət edib. Baş nazirin çıxışından belə anlamaq olur ki, 44 günlük müharibədəki ağır məğlubiyyət onu hələ də ayıltmayıb. N.Paşinyan çıxışında deyir: "Məğlubiyyətimizi qələbəyə çevirməliyik. Qəhrəmanlar Ermənistan və "Artsax" uğrunda öldülər. İkiaerməni dövləti yaşadıqca, qəhrəmanlarımız sağdır, "Artsax" və Ermənistan respublikaları inkişaf edərkən bu, onların qurbanlarının olmadığını göstərir. Söhbət uşaqlarının, qardaş və bacılarının vətənindən gedir".
Nikol Paşinyan bir vaxtlar Xankəndidə 1988-ci illərin "Miətsum" (ermənicə "birləşmək" deməkdir) şüarını səsləndirdi və ardınca elan etdi ki, Qarabağ Ermənistandır. Həmin vaxt ağlı başında olan erməni siyasətçiləri də etiraf etdi ki, Nikol çaşdı. Sonrakı hadisələr bunu təsdiqlədi - 44 günlük müharibə baş verdi və Ermənistan ağır məğlubiyyətə uğradı. İndi isə Nikol ikinci erməni dövlətindən danışmaqla ölkə daxilində reytinq qazanmaq fikrinə düşüb. Ola bilsin ki, o, bununla ölkə daxilində kimlərinsə rəğbətini qazanacaq, amma bu Ermənistanın xarici siyasətinə, o cümlədən də Azərbaycan və Türkiyə ilə qurmaq istədiyi münasibətlərə ağır bir zərbə vurmuş oldu. Çünki Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılmasının birinci şərti Azərbaycanın ərazi bütövlüyünün Ermənistan tərəfindən tanınmasıdır. Lakin yuxarıda iqtibas gətirdiyimiz çıxışdan belə görünür ki, Paşinyanın belə bir fikri yoxdur. O, beynəlxalq səviyyədə tanınmış Azərbaycan ərazisində qurmaq istədikləri ikinci erməni dövlətindən danışır. Bu ideya nəyinki ikinci erməni dövlətinin yaranmasına, Ermənistanın özünün xəritədən silinməsinə gətirib çıxara bilər.

Akif Nəsirli