Məktəblərdə şənbə günləri əlavə dərslər salınsın – TƏKLİF


15
 

“Sentyabrın 22-də Azərbaycanda ümumi təhsil müəssisələrində tədris başladı. Pandemiya şəraitində təhsilin davamlı və ənənəvi olmasını təmin etmək üçün ilk növbədə çalışmalıyıq ki, koronavirusa yoluxmalar olmasın”.

Bunu SeherXeber.org-a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov deyib.

Baş nazir Əli Əsədovun sentyabrın 22-də imzaladığı qərarla “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları” müəyyənləşib.

C. Məmmədov həmin qərarın məktəblərdə yoluxmanın aradan qaldırılmasına hesablandığını bildirib, bununla belə əlavə edib ki, maksimum şəkildə ehtiyatlı olmaq lazımdır.

“Çünki yoluxmaların sayının artma ehtimalı ola bilər. Çalışmalıyıq ki, vaksinasiyadan keçməyən şəxslər peyvənd olunsun və müəyyənləşdirilən gigiyenik qaydalara, normalara hər kəs əməl etsin”, - deyə C. Məmmədov əlavə edib.

Millət vəkili təhsilin, tədrisin yüksək səviyyədə qurulmasının vacibliyini də vurğulayıb.

Onun sözlərinə görə, pandemiya zamanı təhsildə itirdiklərimizi bərpa etməliyik.  

“Bu, bir reallıqdır ki, bizim ötən il təhsildə müəyyən itkilərimiz oldu. Bu itkilərin bərpası üçün biz maksimum çalışmalıyıq”, - deyən C.Məmmədov təklif də səsləndirib:

“Məsələn, şənbə günlərində əlavə dərs saatları salına bilər. Mən şənbə günü tədrisin olması ilə bağlı ümumi tətbiqdən söz açmıram, sadəcə əlavə dərslərin salınmasını təklif edirəm”.

O, təhsil müəssisələrində müəllim və şagirdlərin davamiyyətinin yüksək səviyyədə olmasının vacibliyini də dilə gətirib.

Bu il ölkə üzrə təhsil müəssisələrində əyani tədris karantin rejiminə əsasən, l-IV siniflər üzrə 22 sentyabr tarixindən, V-XI siniflər üzrə və ali təhsil müəssisələrində isə 29 sentyabr tarixindən başlayır.

2021-2022-ci tədris ilində respublikanın ümumi təhsil müəssisələrində ümumilikdə 1 589 829 şagirdin təhsil alacağı proqnozlaşdırılır.

Ümumtəhsil məktəblərinin I sinfində 158 608, IX sinfində 132 881, XI sinfində isə 91 538 şagird təhsil alacaq.

Respublika üzrə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında 117 176 şagirdin təhsilə cəlb olunacağı gözlənilir. 

Sentyabrın 29-da isə ali məktəblərdə tədris başlayır.

Aqşin Kərimov