Siracəddin Hacı yazır...



 

 

TÜRKİYƏNİN ERMƏNİSTAN SİYASƏTİNDƏ YENİ MƏRHƏLƏ

Azərbaycanın Qarabağı zalımdan və zülmdən azad etmə hərəkatına tarixi dəstək verən böyük Türkiyə savaşdan sonra Ermənistan, o sıradan Güney Qafqazla bağlı siyasətində ölçünü dəyişdirdi:

- savaş dönəmində işğalçı Ermənistana tətbiq etdiyi həddini bildirmə, yerini göstərmə, qorxutma siyasətindən imtina etdi, boyunu aşan işlərə girişmədil və üslubunu dəyişdirdi;
- Türkiyə Ermənistanı ümid və qorxu arasında tutmaq siyasətinə keçdi;
- ümid və qorxu arasında tutmaq ölçüsünün tətbiqi üçün Azərbaycanla hərbi, siyasi, iqtisadi əməkdaşlığı gücləndirməyə davam edir, eyni zamanda Ermənistana yumşaq mesajlar göndərir;
- Türkiyənin yeni dönəmdə Ermənistan siyasətinin əsasında bu anlayışlar var: əlaqə, əməkdaşlıq, sınırların açılması;
- Ərdoğan Paşinyanın onunla görüşmək istəyinə şərtli cavab verdi: Azərbaycanın ərazi bütövlüyünü tanı, Zəngəzur yolunu aç, sözlə deyil, işlərinlə bizi səmimiyyətinə inandır ki, biz də diplomatik vasitələri işə salaq;
- daha öncə Ermənistanı altılığa (Türkiyə-Azərbaycan-Rusiya-İran-Gürcüstan-Ermənistan) dəvət edən Ərdoğan dünən BMT-də çıxış etdi, bu dönəmdəki yumşaq üslubuna sadiq qaldı, Ermənistana hər hansı bir ittiham irəli sürmədi, Azərbaycan öz halal haqqını əldə etdi dedi, Ermənistanı razılaşmağa çağırdı;
- Türkiyə Ermənistanın ona məhkum olduğunu bilir. Ermənistan normal dövlət olmaq istəyirsə, Türkiyə ilə əlaqə qurmalıdır. Türkiyə həm siyasi, həm də iqtisadi maraqlarından çıxış edərək Ermənistanı öz tərəfinə çəkməyə çalışır. Türkiyənin siyasi maraqları bunlardır: a) Rusiya Güney Qafqazda zəifləsin; b) Türkiyə bu bölgəyə tam yerləşsin; c) Türkiyə Zəngəzur yolu vasitəsilə Türkistana çıxış əldə etsin; d) Azərbaycanla Ermənistanın münasibətləri normallaşsın; e) Ermənistan Türkiyəyə qarşı iddialarından əl çəksin; ə) Türkiyənin hərbi bazaları Güney Qafqaza yerləşsin; f)Avropanın və Amerikanın Ermənistanı blokadada saxlayırsan ittihamından qurtulsun; g) Ermənistan Türkiyənin iqtisadi bazarı olsun; ğ) yüklərin daşınma xərcləri azalsın;
- Türkiyə Gürcüstanla da əməkdaşlığı gücləndirir, Ərdoğan bu ölkənin Baş Naziri ilə sıx təmas halındadır, Ermənistanla əlaqənin qurulmasında onun imkanlarından yararlanır, Gürcüstan da öz mənafeyinə uyğun olaraq Türkiyənin bölgədə güclənməsinə çalışır ki, Rusiyanın təzyiqindən qoruna bilsin;
- bu beş səbəbə görə Ermənistanın Türkiyə ilə əlaqə quracağını düşünürük: a) Ermənistanın Türkiyəyə iqtisadi ehtiyacı var; b) Ermənistan Rusiyanın əzici təsirini Türkiyə hesabına azaltmağa çalışacaq; c)Paşinyanın hakimiyyətinin davamı da önəmli ölçüdə Türkiyə ilə qurulacaq münasibətdən asılıdır; d) Ermənistanın Avropa ilə sıx əlaqə qurmasının yolu Türkiyə ilə əməkdaşlıqdan keçir; e) Türkiyə ilə əlaqə qurmaq Ermənistan üçün Azərbaycanla münasibətləri normallaşdırmaq imkanıdır;
- yaranmış vəziyyətdə Azərbaycan heç bir vasitəçi olmadan Ermənistanla birbaşa əlaqə qurmaq imkanlarını artırmaq üçün addımlar atmalıdır ki, güclü mövqe qazana bilsin;
 
SeherXeber.org