Azərbaycan dünyada təbii qazı hasil edib əhalisinə ən baha satan ölkədir



 

1994-cü ilin 20 sentyabrda imzalanan, hazırda 27 yaşı tamam olan Hasilatın Pay Bölgüsü sazişi üzrə Azəri- Çıraq-Günəşli yatağından 540 milyon tona yaxın neft və 185 milyard kub metrdən çox səmt qazı çıxarılıb. Hasil olunan səmt qazı SOCAR-a pulsuz verilib. Burda yeganə xərc həmin qazın dənizdən sahilə çatdırılması və paylaşdırılması ilə bağlıdır. SOCAR isə məlumat verir ki, şirkətin qaz təchizatında xərci gəlirlərindən çoxdur və ziyanla işləyib. Nəzərə alsaq ki, 2019-cu ildə ölkədə təbii qazın ümumi daxili istehlakı, il ərzində texniki sərfiyyat və itkilər çıxıldıqdan sonra 11,5 mlrd. kubmetr təşkil edib ki, bu da 2018-ci ilin göstəricisi ilə müqayisədə 918 mln. kubmetr və ya 8,7 faiz çox olub. Belə olan halda demək olar ki, 185 milyard kub metrdən çox səmt qazı ilə orta hesabla 18 il Azərbaycanın daxili tələbatı hasilat xərci olmadan ödənilib. SOCAR pulsuz aldığı təbii qazı hazırda əhaliyə illik qaz istehlakı 1200 kubmetrdən çox olanda 1 kubmetr üçün 20 qəpiyə, 2500 kubmetrdən çox olanda isə 25 qəpiyə satır. “Azəriqaz” İB-nin verdiyi məlumata görə, onların təmin etdiyi istehlakçıların təbii qaza olan gündəlik tələbatı payız-qış mövsümündə 35-38 mln. kubmetr, yaz-yay mövsümündə isə 7-8 mln. kubmetr ətrafındadır. Deməli, qaz istehlakı payız-qış mövsümündə yaz-yayla müqayisədə orta hesabla 5 dəfə artır. Deməli, payız-qış mövsümündə qaz istehlakına görə əhalinin xərclərinin kəskin artımı gözlənilir. Əhali kəskin artan qaz məsrəflərini qarşılamağa hazırdırmı? Nəzərə alın ki, bu il qışın sərt olacağı gözlənilir. Aylıq qaz sərfiyyatı sahəsi 50-100 kv metr olan mənzillərdə 400-600 kub metr, 100-150 kv metr olan mənzillərdə aylıq qaz sərfiyyatı 600-800 kub metr, 150-200 kv metr olan mənzillərdə isə 800-1000 kub metr arasında dəyişir. Bu isə o deməkdir ki, onlar birincilər ayda 100 manata qədər, ikincilər ayda 100-150 manat arasında, üçüncünlər isə ayda ən azı 200 manat ödəniş etməli olacaqlar. Siz tezliklə və kəskin artan qaz məsrəflərini qarşılamağa hazırsınızmı?
 
ADR Hərəkatının sədri Qubad İbadoğlu
 
SeherXeber.org