Niderlandda qaçqın statusu alırlar, sonra Azərbaycanda biznes qururlar - AVROPADAN ŞƏRH



 

Bu yaxınlarda Niderland Xarici İşlər Nazirliyi tərəfindən yayımlanan və o cümlədən müxalifətin Azərbaycan vətəndaşlarına xaricdə istifadə üçün saxta sənədlər verdiyini bildirən rəsmi sənəd xüsusi diqqət çəkir. Bunu SeherXeber.org-a müsahibəsində Avropa Azərbaycanlıları Konqresinin prezidenti Sahil Qasımov deyib.

Xatırladaq ki, Niderland Xarici İşlər Nazirliyinin hesabatında sənədlərin saxtalaşdırılmasında iştirak edən müxalifət və bəzi müxalif siyasi strukturların adları yer alır. Mövzu, prinsipcə, yeni deyil. Bu cür faktlar Çex Respublikasında, Almaniyada və digər Avropa ölkələrində də ortaya çıxıb.

“Niderland Xarici İşlər Nazirliyinin Azərbaycanla bağlı rəsmi sənədinin əsli ilə tanış oldum. Azərbaycanın müxalifət partiyalarının və fəalların Avropada saxta sənədlər verməsi çoxdan məlumdur. Bu “biznesdir”. Avropada siyasi sığınacaq almaq istəyənlərə “ödənişli” yardım edilir. Pul ödəməyi qəbul edənlər anlamırlar ki, hətta Niderland da daxil olmaqla Avropa ölkələri artıq bu sxemlərin əksəriyyətini bilir. Bu, əsl cinayətkar sindikatdır, bu, əslində insan alveridir (axı heç kim onlara inanan “müştərilərin” başına nə gələcəyini bilmir), sənədlərin qanunsuz hazırlanması və saxtalaşdırılmasıdır”, - deyə Sahil Məmmədov vurğulayıb.

Həmsöhbətimizin sözlərinə görə, “Azərbaycanda fərqli fikir, plüralizmla bağlı heç bir problem yoxdur. Azərbaycanın 50-yə yaxın siyasi partiyası hakimiyyətlə dialoq aparır. Ötən il Qarabağ müharibəsi zamanı Azərbaycanın bütün siyasi qüvvələrinin vahid mövqe nümayiş etdirdiyinin şahidi olduq. Və sonra Qarabağ azad edildikdən sonra bir çox müxalifət nümayəndəsi Şuşaya səfər etdi”.

“Avropaya qayıdaq. Köhnə dünya indi çətin günlər keçir. Humanitar fəlakətin astanasında olan Suriya, İraq, Əfqanıstan da daxil olmaqla Afrika və Asiyanın müxtəlif ölkələrindən milyonlarla qaçqın fərqli Avropa dövlətlərinə köçüb. Niderlandda yüz minlərlə qaçqın var. Avropa hökuməti bu insanlara, müharibələrdən, aclıqdan və epidemiyalardan qaçan insanlara köməklik göstərmək üçün hər şeyi edir. Və sonra Azərbaycandan da daxil olmaqla saxta “qaçqınlar” axını meydana çıxır. Bəs Avropa necə reaksiya verməlidir?”, - deyə Sahil Məmmədov soruşur.

“Azərbaycanlı siyasi qaçqınlar”a gəldikdə, ekspert qeyd edib ki, Niderland səlahiyyətliləri bütün məlumatları çox diqqətlə yoxlayırlar:

“Sizə bu barədə daha çox məlumat verim, Niderland Xarici İşlər Nazirliyinin, immiqrasiya xidmətlərinin guya “siyasi qaçqın” olan bir çox insanın müəyyən bir müddətdən sonra Azərbaycana baş çəkmələri, bizneslərini Bakıya və digər şəhərlərə daşımaları, daşınmaz əmlak almaları barədə məlumatları var. Təbii ki, suallar yaranır. Müxalifətçilər hakimiyyətdən qaçdıqlarını söyləyirlər. Sonra Azərbaycana gəlirlər, bizneslə məşğul olurlar. Bu, “qaçqınların” müxalifət partiyalarından aldıqları sənədlərin uydurma olduğuna dair növbəti sübutdur”.

Nair Əliyev