Dövlət qurumu Polşa və Pakistan məhsullarına qadağa qoydu



 

 

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, Polşa Respublikasının bir sıra vilayətlərində və Pakistan İslam Respublikasının bir regionunda yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) verilən məlumata görə, qeyd olunan qrip Polşa Respublikasının Malopolski (Małopolskie) vilayətinin Gorlice, Nowy Sącz, Mazovieski (Mazowieckie) vilayətinin Mińsk, Żuromin, Wołomin, Piaseczno, Varminsko-Mazurski (Warmińsko-Mazurskie) vilayətinin Olsztyn, Velikopolski (Wielkopolskie) vilayətinin Szamotuły, Kalisz, Opolski (Opolskie) vilayətinin Krapkowice, Prudnik rayonlarında, həmçinin Pakistan İslam Respublikasının Pəncab (Punjab) regionunda aşkarlanıb. 

Respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, zonalaşma prinsipi nəzərə alınmaqla, qeyd olunan ərazilərdən bütün növ diri quş, quş əti və damazlıq yumurtanın idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Polşa Respublikasından və Pakistan İslam Respublikasından gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.