Həyat o zaman mənalıdır ki...



 

Məmməd Talıblı

Biz həyatda müşahidəçilərik. Xoşbəxtliyin və bədbəxtliyin gəlib getdiyini müşahidəçilərik. Biz bu dəyişkən prosesi müşahidə edirik. Bunların heç biri daimi deyil. Daimi olan onların gediş və gəlişini izləyən şahidlərdir – bizlərik. Bizlər bu geniş-gəlişi izləyən daimi şahidlər olsaq da, heç şübhəsiz ki, həyatda da biz daimi deyilik.

Müşahidə edirəm, “covid”ə gündəlik yoluxma sayları yenə artır. Bu təkcə 2 həftəlik müalicə tələb edən prosedur deyil, müəyyən prosesdir. Onun yan təsirləri də olur. 15 gün ərzində çəkimdə 8 kq (95- 87) azalma oldu. Saçın bəzi hissələrində ala-tala tökülmələr hiss olunur. Görmə qabiliyyətini azca zədələyir. Bunlar müalicə tələb edən məsələlərdir. Bunların qayğısına tezliklə qalmalıyam.
Amma buna paralel həyat eşqim daha da yüksəldi. İnsanlara, xüsusilə yaxınlarıma etibarım daha da artdı. Güvən hissim daha da böyüdü. Düşünürəm ki, nə olursa-olsun insan optimist olmalıdır. Ən çətinliklər içərisində optimizmin qoruyub-saxlanması o deməkdir ki, hətta kədərli dünyada şən olmaq imkanlarımız hələ də qalır.

İnsan beyni heç zaman sakit ola bilməz. O fasiləsiz olaraq fikirləşir, keçmişə qayıdır, gələcəyi görmək istəyir. Onun funksiyası velosipedin funksiyalarına bənzəyir. Pedalı basanda velosiped gedir, pedaldan ayağını götürən kimi velosiped dayanır və sən yıxılırsan. Buna görə hər gün düşünürsən və düşünməlisən. Düşüncələrimizlə həyat maraqlı və mənalıdır.

SeherXeber.org