Azərbaycanda banklar kredit verilişini ARTIRIB



 

2021-ci il avqust ayının 1-nə Azərbaycanda kredit portfelinin ümumi həcmi 15 367 700 000 manat təşkil edib.

SeherXeber.org-ın Mərkəzi Bankdan əldə etdiyi məlumata əsasən, bu göstərici əvvəlki ayla 0,7 faiz, ötən ilin eyni dövrü ilə müqayisədə isə 5,4 faiz çoxdur.

Bu isə o deməkdir ki, iyul ayı ərzində bankların kredit portfelinin həcmi 109 600 000 manata yaxın artıb. Buna paralel olaraq ölkədə problemli kreditlərin həcmi də artaraq 937 500 000 manat olub. Bu, əvvəlki ayla müqayisədə 2,5 faiz çox, illik müqayisədə 11,8 faiz azdır. Vaxtı keçmiş kreditlərin həcmi ümumi kredit portfelinin 6,1 faizini təşkil edib.

Kreditlərin 2 873 500 000 manatı dövlət bankları tərəfindən təmin edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,3 faiz çox olsa da, əvvəlki ayla müqayisədə 0,3 faiz azdır.

Özəl banklar tərəfindən isə 12 093 000 000 manat həcmində kredit verilib. 2020-ci ilin eyni dövrü ilə müqayisədə özəl banklar 4,2 faiz, aylıq müqayisədə isə 1 faiz daha çox kredit verib.

Digər kreditlər isə bank olmayan kredit təşkilatları tərəfindən təmin edilib və onların kredit portfelinin həcmi 401 200 000 milyon manat olub. Bu illik müqayisədə 5,3 faiz çox olsa da, əvvəlki ayla müqayisədə sabit rəqəmdir.

2021-ci il avqust ayının 1-nə olan göstəricilərə əsasən, əhalinin istehlak kreditlərinin (ev təsərrüfatı) həcmi 7 462 900 000 milyon manat olub. Bu isə cəmi kreditlərin 48,6 faizini təşkil edib.

İstehlak kreditlərinin həcmi illik müqayisədə 13,8 faiz, əvvəlki ayla müqayisədə isə 1,9 faiz çoxdur. Bu da ölkədə ev təsərrüfatına sərf edilmək üçün verilən kreditlərin həcminin artığını göstərir.

Nigar Məmmədova