Banklar müştərilərini geri qazanıb: Bir aya 170 milyon əmanət cəlb olunub



 

2021-ci ilin avqust ayının 1-nə Azərbaycanda kredit təşkilatlarında yerləşdirilmiş depozit və əmanətlərin həcmi 24 926 900 000 manat təşkil edib.

SeherXeber.org-ın Mərkəzi Bankdan əldə etdiyi məlumata əsasən, 2020-ci ilin avqust ayının əvvəli ilə müqayisədə depozit və əmanətlərin həcmi 10,6 faiz, iyul ayının 1-nə olan vəziyyətlə müqayisədə (aylıq müqayisədə) isə 3,2 faiz artıb.

Belə ki, vəsaitlərdən 8 605 900 000 manatı fiziki şəxslərin əmanətlərini, 1 793 300 000 manatı maliyyə təşkilatlarının, 14 527 700 000 manatı isə qeyri-maliyyə təşkilatlarının vəsaitlərini əhatə edib.

Fiziki şəxslərin banklardakı əmanətlərinin həcmi ötən ilin müvafiq dövrünə nəzərən 10,7 faiz artıb. Eləcə də, iyul ayı ərzində fiziki şəxslərin banklardakı əmanətlərinin həcmi 170 500 000 manat həcmində artıb. Halbuki iyun ayı ərzində 199 800 000 manat fiziki şəxsə məxsus əmanət geri çəkilmişdi.

Onların əmanətlərinin 55,3 faizi milli valyutada (4 761 100 000 manat), 44,7 faizi isə xarici valyutada (3 844 800 000 manat ekvivalentində) olub. Bu da manatla olan əmanətlərin həcminin iyul ayı ərzində də artdığını göstərir.

Rezidentlərə məxsus əmanətlərin həcmi fiziki şəxslərə məxsus əmanətlərin 96,5 faizini (8 321 100 000 manat) təşkil edib. Qeyri-rezidentlərin, yəni ölkə hüdudlarından kənarda yaşayan və ya ölkədə müvəqqəti qalan fiziki şəxslərin banklardakı əmanətlərinin həcmi isə azalmaqda davam edib. Avqust ayının 1-nə olan vəziyyətə görə, onların əmanətlərinin həcmi 284 700 000 manatı təşkil edib. Bu, aylıq müqayisədə 3,6 faiz, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə isə 9,5 faiz azdır.

Ötən ilin avqust ayının əvvəlinə olan göstəricilərlə müqayisədə maliyyə təşkilatlarının depozitlərinin həcmi 13,7 faiz azalsa da, iyul ayı ərzində 1 faiz artıb.

Qeyri-maliyyə qurumlarının depozitlərinin həcmi illik müqayisədə 14,6 faiz, iyul ayı ərzində isə 4,2 faiz artıb.

Nigar Məmmədova