İpoteka bazarında son vəziyyət: Faizlər və aylıq ödənişlər - RƏSMİ



 

2021-ci ilin yanvar-iyul ayları ərzində banklar tərəfindən 230 500 000 manat həcmində ipoteka krediti verilib.

SeherXeber.org-ın Mərkəzi Bankdan əldə etdiyi məlumata əsasən, avqust ayının 1-nə vətəndaşların əldə etdiyi ipoteka kreditlərinin həcmi 2020-ci ilin eyni dövrü ilə müqayisədə 98 700 000 manat və ya 1,7 dəfəyə qədər artıb.

Müvafiq dövr ərzində İpoteka və Kredit Zəmanət Fonduna dövlət tərəfindən 35 600 000 manat vəsait ayrılıb ki, bu rəqəm ötən ilin göstəricilərinə nəzərən 107 800 000 manat və ya 4 dəfəyə qədər azdır.

İpoteka və Kredit Zəmanət Fondu tərəfindən yenidən maliyyələşdirilmiş ipoteka kreditlərinin həcmi 182 300 000 manat olub. 2020-ci ilin avqust ayının əvvəlinə olan göstəricilərlə müqayisədə yenidən maliyyələşdirilən kreditlərin həcmi 147 500 000 manat və ya 5,2 dəfə artıb.

Fondun ipoteka portfeli üzrə orta aylıq faiz dərəcəsi əvvəlki ayla müqayisədə sabit qalıb və 6,32 səviyyəsində olub. İlin əvvəlindən orta aylıq faiz dərəcələri 6,32-6,34 arasında dəyişib.

Orta aylıq ödənişlərin həcmi isə iyun ayı (380,1 manat) ilə müqayisədə artaraq, 381,5 manat həcmində müəyyənləşib. İlin əvvəlindən orta aylıq ödənişlərin həcmi 370,2-381,5 manat arasında dəyişib.

Nigar Məmmədova