Neftin dəyəri digər məhsulların qiymətini necə dəyişəcək? - FOTO



 

Dünya bazarında ötən həftə ərzində neft əhəmiyyətli dərəcədə dəyər itirdi. “Brent” markalı neftin bir barelinin qiyməti 65 ABŞ dolları civarına qədər azaldı. “OPEC+” ölkələrinin Nazirlər Şurasının son iclasından sonra neft qiymətləri ilkin mərhələdə cüzi ensə də, daha sonra stabil dəyər qazandı. Vaksinasiya prosesinə start verilməsi bazarda hasilatın artırılmasında, hətta bu, benzin qiymətlərində də stimul rolunu oynadı. Lakin, hazırkı proseslərin qiymətlərə 3-4 faiz civarında təsir etməsi bazarı yenidən düşünməyə vadar etdi.

Dünya bazarında neft qiymətlərinin enməsinə hansı amillər səbəb oldu? 

Qiymətlərin enməsinə səbəb olaraq ABŞ-ın Federal Ehtiyat Sisteminin (FES) bəyanatı və COVID-19-un yeni ştammının yoluxma sayına kəskin təsir etməsi göstərilir. Yoluxma sayının artması, nəticədə ölüm hallarının artması da bazara təzyiqi artırıb. Bütün bunların fonunda FES-in bəyanatında bu ilin sonuna qədər aktivlərin alqı-satqısının azalacağı qeyd edilib. Bu iki faktor neft qiymətlərinin enməsinə səbəb kimi göstərilir.

Üstəlik, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) proqnozları da müsbət deyil. Dünyanın bir sıra ölkələrində vaksinasiya prosesinin yavaş irəlilədiyi, yoluxma və ölüm hallarının artdığı bildirilir. Qonşu ölkələrdən Rusiya və İranda pandemiya ilə əlaqədar rəqəmlər artmaqda davam edir.

SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bazardakı mövcud vəziyyəti SeherXeber.org-a şərh edib. Onun sözlərinə görə, ilin əvvəlində pandemiyanın yaxın zamanda sona çatacağı ilə bağlı nikbin ab-hava hökm sürürdü, buna görə də bir çox təhlilçilər il ərzində dünya üzrə iqtisadi artım templərinin yüksəlməsi, bunun nəticəsində də neft və neft məhsullarına tələbatın artacağını proqnozlaşdırdılar:

“Bir barel neftin qiymətinin 80, hətta 100 ABŞ dollarına qədər yüksəlməsi ehtimal olunurdu. Bir çoxları COVID-19 əleyhinə effektli peyvəndlərin icad olunmasını bu xəstəliyə son qoymaq, lokdaun və karantin şəraitinə bir daha qayıtmamaq üçün yetərli olduğunu hesab edirdilər. Lakin bu proqnozlar zamanı bəlkə də insan psixologiyasının mürəkkəbliyi tam nəzərə alınmayıb. Artıq yaz aylarında peyvəndlənməyə qarşı konspiroloji kampaniyaların vüsət alması göstərirdi ki, dünyada insanların əhəmiyyətli bir hissəsi könüllü vaksinasiyadan imtina edir.

Son aylarda növbəti mutasiya nəticəsində daha təhlükəli olan SARS CoV-2 delta ştammının yaranması ilə bərabər, vaksinasiya prosesinin ləngiməsini görən qlobal iqtisadiyyat bu gün növbəti şiddətli xəstəlik dalğasını gözləməkdədir. Yeni dalğa səhiyyə sistemini iflic vəziyyətdə qoyarsa, lokdaun və karantinlərin tətbiqi labüdləşəcək, bu da nəqliyyat vasitələrinə, neft və neft məhsullarına olan tələbatın təkrar azalmasına gətirib çıxaracaq. Bu ssenarini öngörən neft emalçıları artıq tələbatı azaltmağa başlayıblar.

Vaksinasiyanın ləngiməsi nəticəsində iqtisadi artım və neftə olan tələbatın ilkin gözləntilərdən daha aşağı səviyyədə olacağı təxmin edilir. Lakin digər tərəfdən “OPEC+” ölkələri neft bazarlarında təklifi tənzimləməyə davam edir və qiymətin kritik həddən aşağı düşməsini istəmir. Bu gün artıq tələbatın azalmasını görən “OPEC+” və Səudiyyə Ərəbistanı ayrıca məhdudlaşdırıcı kvotaların yumşaldılmasına baxmayaraq, öz hasilatını könüllü surətdə nəzərdə tutulan kvotalardan da əlavə məhdudlaşdırır. Bu isə neftin qiymətini daha da azalmağa qoymur”.

Azərbaycanda neftin qiyməti ...

Dünya bazarında qiymətlərin kəskin dəyişməsi Azərbaycan neftinin qiymətinə də təsir etdi. Ötən həftə üç ay ərzində ilk dəfə “Azeri Light” markalı neftin qiyməti 65,41 ABŞ dollarına düşdü. Lakin həftənin ilk günündə artıq itirdiyi dəyəri 4 faizə qədər geri qazandı və qiymət 68,12 ABŞ dollarına çatdı.

İbrahim Əhmədov bildirib ki, Azərbaycan bu ilin büdcəsini planlaşdıranda neftin bir barelinin qiyməti üçün 40 dollar proqnozunu əsas götürüb. Bu isə neftin satış qiymətinin planlaşdırılandan artıq hissəsinin ölkə üçün əlavə qazanc anlamına gəlməsi deməkdir:

“Nəzərə alsaq ki, ilin ilk səkkiz ayı ərzində neftin qiyməti nəzərdə tutulan səviyyədən xeyli yüksək olub, növbəti dörd ayda qiymətlər hətta 40 dollardan aşağı düşərsə, ilin ilk səkkiz ayı ərzində əldə olunmuş izafi gəlir bunu müəyyən qədər kompensasiya edə bilər. Lakin mən neftin qiymətinin davamlı şəkildə aşağı düşəcəyini gözləmirəm. “OPEC+” ölkələri bazara müdaxilə etməklə, təklifin məhdudlaşdırılması ilə bağlı qərarlar qəbul ediblər. Gələcəkdə buna zərurət yaranarsa, çox güman ki, “OPEC+” bazara daha sərt müdaxilələr edə bilər. Buna görə qiymətlərin il ərzində 55-70 dollar dəhlizində dəyişəcəyini bu gün də tutarlı hesab edirəm”.

Neftin dəyərdən düşməsi digər məhsulların qiymətinə necə təsir edir?

2015-2016-cı illərdə neftin qiyməti düşəndə neft-kimya məhsullarının qiymətinin nisbətən sabit qaldığını deyən İbrahim Əhmədov əlavə edib ki, buna baxmayaraq, ötən il neft şirkətləri həm də neft-kimya sahəsində də ciddi itkilərə məruz qalıblar:

“Məsələ burasındadır ki, neftin qiyməti dünyada hasilat səviyyəsinin artımı nəticəsində azalanda, tələbat sabit qalırsa, neft emalı və neft-kimya sənayesinin marjası əksinə yüksəlir. Lakin neft qiymətinin aşağı düşməsi ümumi tələbatın tənəzzülünə bağlı olanda, bütün sahələr zərər görür, o cümlədən də neft emalı və neft-kimya. Ötən il bir çox neft emalı zavodları öz fəaliyyətlərini müvəqqəti dayandırmağa məcbur oldular. Bu il, ya gələn il tələbat yenidən düşərsə, neft emalı sənayesi də zərərlə üzləşə bilər”.

Qeyd edək ki, avqust ayının 20-də “Brent” markalı neftin bir barelinin qiyməti may ayının 21-dən etibarən ilk dəfə 65 ABŞ dolları səviyyəsinə enib. Bazarın ən böyük iştirakçılarından Rusiyada hasil edilən neftin qiyməti isə 66 dollara qədər azalıb. Ölkədə neftin bir barelinin maya dəyəri baha başa gəldiyindən qiymətin 60 dollara qədər enməsi kritik hədd sayılır. Hazırda neftin dünya bazarındakı qiyməti müəyyən qədər artıb. Həftənin ilk günü “Brent” markalı neftin qiyməti 68,94 ABŞ dolları ilə birjada qapanış edib. 

Nigar Məmmədova