Dövlət şirkətinin İsveçrədəki fəaliyyəti genişlənir: Azərbaycan daha böyük gəlirlər əldə edəcək



 

“SOCAR Trading” şirkətinin statistikasına istinadən bu gün İsveçrədəki istehlakçıların 63 faizdən çox hissəsi “SOCAR” brendini tanıyır və yüksək qiymətləndirir.

SeherXeber.org xəbər verir ki, bu barədə Dövlət Neft Şirkətinin (SOCAR) “Davamlı İnkişaf Hesabatı-2020”də məlumat verilib.

Bildirilib ki, 2020-ci ildə “SOCAR Enerji İsveçrə” şirkətinin İsveçrədə yanacaqdoldurma məntəqələrinin (YDM) sayı 200-ə çatıb. 2023-cü ilədək SOCAR İsveçrədə 20 ədəd sürətli elektrik enerjisi yükləmə məntəqəsi inşa etməyi planlaşdırır.

Dövlət Neft Şirkətinin İsveçrədəki fəaliyyətinin bir hissəsini təşkil edən “SOCAR Energy Holdings”in son beş ildə ölkədə əldə etdiyi gəlirlərin bir hissəsini daunstrim (xam neftin emalı, neft məhsullarının tədarükü və satışı) investisiya layihələrinə yatırdığı qeyd edilib. Burada əsas hədəfin gələcəkdə gəlir mənbələrini şaxələndirməklə, yeni bazarların potensialından yararlanmaq və Azərbaycan iqtisadiyyatına daha böyük gəlirlər qazandırmaq olduğu əlavə edilib.

Həmçinin, baş qərargahı İsveçrənin Cenevrə şəhərində yerləşən “SOCAR Trading”in bu gün ən böyük ticarət şirkətlərindən biri olduğu qeyd edilir. Belə ki, bu şirkətin satdığı neftin böyük hissəsi Azərbaycanda hasil edilmir. 

2020-ci ildə “SOCAR Trading” Belarus Neft Şirkəti (BNK) ilə Azərbaycan neftinin, eləcə də potensial olaraq digər neft növlərinin Belarus neft emalı zavodlarına tədarükü üçün uzunmüddətli müqavilə imzalayıb. 2020-ci ildə “SOCAR Trading” artıq Belarusa bir milyon ton “Azeri Light” və digər növ neft tədarük edib. Əlavə edilib ki, 2021-ci ildə Belarus neft emalı zavodlarına tədarükün həcmi eyni qala və ya daha çox ola bilər.

Nigar Məmmədova