Əfqanıstanlı futbolçunun qalıqları təyyarənin şassisində aşkarlandı



 

Əfqanıstanın gənclərdən ibarət futbol komandasının üzvü Zəki Anvari ölkəni tərk etməyə çalışarkən faciəvi şəkildə həlak olub.

Bu barədə jurnalist Babak Taqvai özünün “Twitter” səhifəsində məlumat verib.

O qeyd edib ki, gənc futbolçu ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “C-17A” nəqliyyat təyyarəsinin şassisində ölkəni tərk etməyə cəhd göstərib.

Onun cəsədinin qalıqları təyyarənin şassisində aşkarlanıb.

Qeyd edək ki, “Taliban” silahlılarının Əfqanıstanın paytaxtına daxil olmasından sonra Kabil beynəlxalq hava limanında izdiham yaşanıb.

Hava limanına axın edən əfqanlar təyyarələrə doluşmağa və taliblərin əlindən qaçmağa çalışıb.

Nəticədə aeroportda əsl xaos yaşanıb, kütlə birbaşa uçuş-enmə zolağına axın edib və traplardan sallanaraq zorla təyyarələrin salonuna keçməyə çalışıb.