Soyuq Helsinkinin istiqanlı əhalisi, “Yaxşı çar”, alkoqol qadağası və uyğur türkü - REPORTAJ



 

Avropanın şimalındakı Skandinaviyada, xüsusən İsveçdə olmağı çox arzulayan biri kimi qeyd edə bilərəm ki, bu arzum hər dəfə müəyyən səbəbdən reallaşmayıb. Əslində bu dəfə də Skandinaviyada olmadım. Çoxlarının səhv bildiyi kimi, Finlandiya Skandinaviya – vikinq mədəniyyətinə aid ölkə deyil. Skandinaviya subregionu güclü tarixi, mədəniyyəti, dil oxşarlığına görə Danimarka, Norveç və İsveç ərazisi sayılır. Sadəcə olaraq, Finlandiyanın (həmçinin Rusiyanın) şimal-qərb hissəsi Skandinaviya yarımadasında yerləşir deyə, bəzən finlər də skandinavlar kimi təqdim olunur. Əslində isə finlərin dili estoncaya yaxın dil hesab edilir.

Şəhərin hava limanı Helsinki Aeroportu adlandırılsa da, bu, qonşuluqdakı Vantaa şəhərində yerləşir. Ona görə də hava limanının ikinci adı Helsinki-Vantaa Aeroportudur.

Helsinki cənubda, Skandinaviya yarımadasından kənarda – Finlandiya Körfəzinin sahilində yerləşir. Şəhərin adının etimologiyası ilə bağlı müxtəlif nəzəriyyələr var. 1630-cu illərin nəzəriyyəsinə görə, İsveçin mərkəzindəki Helsinqland adlı ərazidən gəlmiş müstəmləkəçilər Finlandiyanın sahil bölgələrini tutarkən indiki Vantaa çayı olan yerə gəliblər və onu “Helsinqa” adlandırıblar. 1300-cü illərdə bu adda Helsinqe kəndi və kilsəsi də olub. Ümumiyyətlə, oxşar adda Danimarkada Helsinqör və İsveçdə Helsinqborq şəhərləri də mövcuddur. Digər bir mənbəyə görə, şəhərin adı qədim İsveç dilindəki “boyun” mənasını verən “hals” sözündəndir.

 

Bu şəhər gözəlliyi və təmizliyi ilə ad çıxara bilər. Klassik Avropa üslubunda inşa edilmiş şəhərdə xüsusi Nordik cizgilərinə çox rast gəlinmir. Ancaq qeyd etməliyəm ki, bu ölkənin iki rəsmi dilindən biri məhz İsveç dilidir. Ona görə də harada küçə və ya istiqamət göstərən xüsusi isim adları ilə rastlaşsanız, həmin tablolarda hər iki dildə – fin və İsveç dillərində yazılışı görə bilərsiniz. Məsələn, şəhərin adı fin dilində Helsinki, İsveç dilində isə Helsinqfors kimi təqdim olunur. Yeri gəlmişkən, İsveç dilindəki “fors” sonluğu “şəlalə” mənasını verir. Əbəs yerə deyil ki, Finlandiya “Suomi”, yəni “sular ölkəsi”, “göllər ölkəsi” adlandırılır. Fin dilində türk mənşəli sözlərin olması da diqqətdən kənar qala bilməz. Məsələn, qəhvəyə türk dilinə yaxın formada “kahvi” deyirlər.

Fin dilinin ölkədə İsveç dili ilə eyni səviyyəyə çatması isə Rusiya çarı II Aleksandr və ya Aleksandr “Xilaskar” adlanan imperatorun adı ilə bağlıdır. Ruslar 1809-cu ildə Finlandiyada İsveç əsarətinə son qoyduqdan sonra 1917-ci il çevrilişinədək ölkəni bir əsrdən çox idarə edib (bu üzdən şəhərdə müəyyən rus arxitektura izləri hiss olunur – S.M.). Həmin vaxtlar Rusiya imperatorları həm də Finlandiya Böyük knyazı titulunu daşıyıb. 1855-1881-ci illərdə hakimiyyətdə olmuş II Aleksandr məhz 1863-cü ildə Finlandiyada bir sıra islahatlar keçirib. Bunlardan biri o anadək yalnız xalq arasında işlədilən fin dilinin elit təbəqənin istifadə etdiyi İsveç dili ilə eyni səviyyəyə yüksəldilməsi ilə bağlı olub.

Rus çarının bunu Finlandiyanı bölgədə əsas rəqibi olan İsveçin təsirindən çıxarmaq üçün etdiyini deyənlər var. İstənilən halda, nə qədər Kareliyanın Stalinin hakimiyyəti dövründə SSRİ tərəfindən ilhaqına görə finlərin ruslardan xoşu gəlməsə də, II Aleksandr Finlandiyada “Yaxşı çar” kimi tərənnüm edilir və bunun nəticəsi olaraq 1897-ci ildə II Aleksandra fin heykəltəraşı Valter Runeberq tərəfindən abidə ucaldılıb.

Həmin abidə isə turistlərin daha çox maraq göstərdiyi Senat meydanında yerləşir. II Aleksandrın heykəlinin arxasında isə XIX əsrdə 22 ilə tikilib başa çatdırılmış Helsinki Kafedralını görmək mümkündür. Bu lüteran kafedralı Finlandiyanın müstəqil olduğu 1917-ci ilədək Rusiya imperatoru I Nikolayın şərəfinə Müqəddəs Nikolay Kilsəsi adlandırılıb. Daha sonra “Böyük Kilsə” mənasını verən Suurkirkko, 1959-cu ildən isə indiki adı ilə adlandırılmağa başlanılıb. Hər ilin dekabrın 6-da burada Finlandiya prezidentinin iştirakı ilə dövlət müstəqilliyi günü qeyd olunur.  

Ümumiyyətlə, vaxtı ilə nümayişlərin də keçirildiyi Senat meydanında kafedraldan başqa, Hökumət sarayı, Helsinki Universiteti və 1757-ci ildə tikilmiş, Helsinkinin mərkəzində ən qədim ev sayılan Sederholm (Yohan Sederholm Finlandiyada iri tacir, gəmi sahibi olub – S.M.) evi yerləşir.

Bizim vaxtımız olmadı. Amma incəsənətsevərlərə mütləq şəkildə Finlandiya Milli Qalereyasını formalaşdıran üç muzeydən biri olan Ateneuma baş çəkməyi tövsiyə edə bilərəm. Məşhur rəsm əsərlərinin nümayiş olunduğu muzeyin tarixi 1887-ci ilə gedib çıxır. Biz orda olduğumuz müddətdə Ukraynada doğulmuş rus rəssam, bizə daha çox “Zaporojye kazaklarının Osmanlı sultanına cavabı” əsəri ilə tanınan İlya Repinin rəsm əsərləri nümayiş olunurdu. Bu yerdə haşiyədən çıxaraq bildirim ki, Repin Rusiya inqilabından sonra bolşevik hökumətində qalmayaraq ömrünün son 12 ilini Finlandiyanın Kuokkala ərazisində yaşayıb. Düzdür, daha sonra 1939-1940-cı illərdə SSRİ Kareliyanı işğal edəndə buranı da tutub və rəssamın adına görə bura 1948-ci ildən Sankt-Peterburqa məxsus Repino qəsəbəsi adlandırılıb.

Ölkənin cənubunda yerləşən şəhərin sahilləri Finlandiya Körfəzi ilə yuyulur. Baltik dənizinə qovuşan bu körfəzdə gəmi ilə Estoniyanın paytaxtı Tallinə və Rusiyanın Sankt-Peterburq şəhərinə səyahət etmək mümkündür. Hələ şəhər limanına çatmamış qağayıları Helsinki parklarında görürük. Bununla da qağayılar bizim kimi turistlərə limanın yaxınlıqda olduğuna işarə verir. Mən də həmkarımla limanı ziyarət edib gözəl mənzərə önündə şəkil çəkdirmək fürsətini əldən vermirəm. Orda Nigeriyadan olan dondurmasatanın bizə xəbərdarlığı isə belə oldu: Dondurmalarınızı qağayılardan gözləyin. Hər an hücum edə bilərlər”.

İndiyədək yazdıqlarım mənim iki günə səfər etdiyim, baş çəkdiyim ərazilər idi. İndi isə sosial həyatdan bəhs etmək istəyirəm. Əvvəla bildirim ki, bu vaxtlar Helsinki Bakı istisindən qaçıb sərinlənmək istəyənlər üçün əla yerdir. Finlandiyanın cənubunda yerləşdiyindən, havası nə çox soyuq olur, nə də isti. Liman şəhəri olması şəhəri sərin saxlayır. Ancaq axşamlar mütləq şəkildə qalın geyinmək tövsiyə olunur. Biz olduğumuz iki gündə şəhər arabir yağışa da tutulurdu. Burada da hava Sankt-Peterburqdakı kimi gec qaralır.

Şəhərdə koronavirusa görə maska taxanlar olsa da, bu məcburi deyil. Hətta bu, qapalı yerlərə də aiddir. Ancaq ciddi şəkildə tövsiyə olunur ki, sağlamlıq üçün maska taxılsın. Hətta içərisində uzun məsafələrə qatarların getdiyi Helsinki Mərkəzi Stansiyasının (2013-cü ildə BBC tərəfindən dünyanın ən gözəl dəmiryolu stansiyalarından biri seçilib – S.M.) bina arxitekturasında quraşdırılmış dörd heykəlin üzləri belə maska ilə qapadılıb. Lakin qaydalarda müəyyən boşluqlar var. Məsələn, əvvəlki yazımda göstərmişdim ki, pandemiyaya görə HİK klubu qapalı məkanda mətbuat konfransı keçirmir. Ancaq stadionda azarkeşlər sıx, ağız-ağıza oturur. Bununla belə, avqustun 26-da “Fənərbağça” ilə matçın azarkeşsiz keçirilməsinə qərar verilib.

Ölkənin ən gözəl qanunlarından biri isə spirtli içkilərlə bağlıdır. Şəhərdə açıq şəkildə spirtli içki qəbul edərək gəzmək olmaz. Əks halda, cərimə oluna bilərsən. Məqsəd isə bəsit və məntiqlidir: İnsanları pis vərdişlərdən çəkindirmək.

Marketlər isə saat 21:00-da bağlanır. Ona görə də tədarükünü əvvəldən görməlisən. Məsələn, fin gənc oğlan və qızları gecələr parklarda musiqini qoşub, əylənə-əylənə əvvəldən aldıqları spirtli içkiləri nuş edirlər. Biz bir pivəni ancaq açıq olan türk restoranından tapa bildik. Həyat yoldaşı azərbaycanlı olan Coşkunun şəriki bizə dönə-dönə tapşırdı: “Abi, pivələri məndən almamısınız haa!” Mən deyərdim ki, küçələrdə tütün məhsullarından istifadə edənlərin sayına da tək-tük hallarda rast gəlmək mümkündür.

Həmçinin araq, çaxır kimi alkoqol faizi yüksək olan məhsullara marketdə rast gələ bilməzsən. Bunun üçün xüsusi şopinq dükanları – “şərab evləri” var. Satıcıdan bunun səbəbini soruşduqda isə verdiyi cavab belə oldu: “Bunun pandemiya ilə heç bir əlaqəsi yoxdur. Bir neçə il əvvəl xalq bunun belə olmasına qərar verdi. Həmin referendumdan sonra əsasən Finlandiya, İsveç, Norveç, İslandiya, Rusiya araqları və digər növ spirtli içkiləri məhz “şərab evləri”ndə satılmasına qərar verildi”. Bu barədə qanun 2017-ci il dekabrın 28-də qəbul edilib.

Ölkədə qiymətlərin baha olmasını deməyə, düşünürəm ki, ehtiyac yoxdur. Ona görə də bizim pulla müqayisədə avronun nə qədər yüksək olduğunu nəzərə alıb, evdən çıxmalısınız. Məsələn, mən “Report”dan olan həmkarımla birgə adi maqnit suveniri almaq istədikdə qiymətlərin azı beş avrodan (bizim pulla 10 manat) başladığını gördük. Bəxtimizdən satıcı Çindən gəlmiş uyğur türkü çıxdı. Öz aramızda danışığımızdan bizim də türk olduğumuzu görüb özü tanışlıq verdi və “narahat olmayın, türk türkə endirim yapacaq” dedi. Həmkarım 5,5 avroluq suveniri beşə, mən də 4 avroya aldım. Satıcı onu da bildirdi ki, türk türkə dəstək olmalıdır. O həmişə yeməklərini türk restoranlarında yeyir. Dediyinə görə, Finlandiyadakı yəhudilər də ancaq bir-birlərinə xeyir verir…

656 250 əhalisi olan Helsinki bir sıra mötəbər tədbirlərə ev sahibliyi edib. 1952-ci ildə Yay Olimpiya Oyunları və 2007-ci ildə 52-ci Avroviziya Musiqi Yarışmasına ev sahibliyi etmiş Helsinki iki il əvvəl Avropanın paytaxt şəhəri olub. Şəhərdə metro, tramvay və avtobus sistemi əksər Avropa ölkələrində olduğu kimi, bir vahid mərkəzdən idarə olunur, eyni kartla şəhərin müxtəlif istiqamətlərinə getmək mümkündür. Mən də əksər xarici ölkələrdə olduğum kimi, “tramvay haqqım”dan istifadə etdim. Böyüklər üçün bir gedişin qiyməti 2,8 avro (5,6 AZN), 7-17 yaşlılar üçün isə 1,4 avrodur (2,8 AZN).

Avropada velosipedin dəbdə olan nəqliyyat növü olduğunu bilirdim. Bakıda da tez-tez görünməyə başlayan skuterlərlə Helsinkinin hər küçəsində rastlaşmaq olar. İnsanlar küçələrdə qoyulmuş skuteri yüklədiyi şirkətin tətbiqi vasitəsilə sürə bilər.

Sonda insanları haqda da deyim. Əksəri təmiz sarışın olan finlər əsasən baxımlı insanlardır. Soyuqqanlı olduqları deyilsə də, ünsiyyət qurduqda tam əksini görürsən. Onlar zahirən soyuqqanlı, daxilən isə istiqanlıdırlar. Bunu əminliklə deyə bilərəm.

Beləliklə, indiyədək ölkə xaricində torpağına ayağım dəydiyi 18-ci ölkə olan Finlandiyanın paytaxtı Helsinki çox xoşuma gəldi. Müdhiş nəqliyyatı, möhtəşəm insanları, gözəl şəhəri insanı bu məmləkətə gəlməyə bir daha sövq edir. Sözlərimi fin dilində bir daha görüşmək ümidi bildirən ifadə ilə yekunlaşdırıram: Näkemiin Helsinki, Näkemiin Suomi!

Səbuhi Musayev