Ölkədə olmayan şəxslərə saxta COVID pasportu verənə cinayət işi AÇILDI



 

Masallı rayonunun Sığdaş kəndində ölkə ərazisində olmayan bəzi şəxslərin qanunsuz olaraq COVID-19 əleyhinə I doza vaksinasiya olunmaları barədə daxil olmuş material əsasında Masallı rayon prokurorluğunda araşdırma aparılıb.

Masallı rayon prokurorluğunda aparılan araşdırma ilə Masallı RMX-nın feldşeri Ziyafət Ağababayev tərəfindən rayonun Sığdaş kəndinin bəzi sakinlərinin ölkə ərazisindən kənarda olmalarına baxmayaraq, onlara vaksin vurulmadığı halda COVID-19 əleyhinə I doza vaksinasiya olunması və bu barədə saxta sənədlərin tərtib edilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Masallı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.
Hazırda yuxarıda göstərilən cinayət əməllərinin törədilməsində hər hansı formada iştirak edən şəxslərin müəyyən edilməsi məqsədilə intensiv istintaq hərəkətləri davam etdirilir.