İlham Əliyevin açıqlaması fonunda Putin-Paşinyan danışığının şifrələri – TƏHLİL



 

Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan arasında telefon danışığı olub.

Diqqətçəkən odur ki, bu telefon danışığı Azərbaycan Prezidenti İlham Əliyevin Moskvaya səfərindən sonra baş tutub.

Deməli, Putin Paşinyana İlham Əliyevlə danışığının nəticəsi olaraq Bakının şərtlərini çatdırıb və İrəvanı təcili şəkildə öhdəliklərini yerinə yetirməyə çağırıb.

İlham Əliyevin AzTV-yə müsahibəsində Putinlə apardığı danışıqların nəticəsi olaraq mübahisəli məsələ qalmadığını deməsi də Moskvanın İrəvana təzyiqlər etdiyinin göstəricisidir.

İlham Əliyevin açıqlaması fonunda Putin-Paşinyan telefon danışığında bəzi məqamlar diqqət çəkir.

Rəsmi açıqlamalarda son zamanlar Naxçıvan istiqamətində baş verən insidentlər barədə bir cümlə də keçmir.

Bu, nəyin göstəricisidir?

1. Hələlik, Moskva Bakının istədiyi xətt üzrə gedir,

2. Naxçıvanda Azərbaycan Ordusu mövqelərini möhkəmləndirir və Ermənistan son günlər ara-sıra atəş açmaqla qəzəbini çıxarırdısa, artıq bundan da yorulub.

Hələlik bu məsələlərdə Türkiyə arxa planda imiş kimi görünür, bununla belə, Ankara proseslərdə “boz kardinala” çevrilib.

Ankara-Bakı münasibətləri, strateji əlaqələri dərinləşdikdən Moskvanın mövqeyində redaktələr hiss olunur.

Ona görə də, Kreml Bakı-Ankara arasında mövqe seçib üçbucaq təşkil etməkdə israrlıdır: Bu israrın altında böyük iqtisadi maraqlar dayanır. Misal üçün, gələcək üçün Rusiya Türkiyə ilə ticarət dövriyyəsinin həcmini 100 milyard dollara çatdırmağı hədəfləyir, Zəngəzur dəhlizi isə bu həcmə nail olmaqda əlverişli marşrutdur.

Baş verənlər Bakı-Ankara-Moskva üçbucağında ortaq məxrəcin nəticəsidir. Yəni son hadisələrə dair Bakı, Ankara və Moskva vahid mövqe sərgiləyir.

Moskvanın digər narahatlığı isə Qərbin regionda təşəbbüsləri ələ almaq cəhdləri ilə bağlıdır. Kreml iqtisadi layihələrdən maksimum fayda götürmək üçün Qərbin bölgədə sıxışdırılmasında maraqlıdır.

Bakı isə Qərbin və Moskvanın maraqlarının genişmiqyaslı ambisiyaya çevrilməməsi üçün çalışır və orta xətt tapır.

Aqşin Kərimov