Yerimə funksiyaları pozulan uşaqlar üçün reabilitasiya trenajoru istifadəyə verildi - FOTO


22
 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 1 saylı Uşaq Reabilitasiya Mərkəzində sağlamlıq imkanları məhdud uşaqların daha effektiv bərpa müalicəsi üçün son nəsil reabilitasiya trenajoru - robotlaşdırılmış lokomat kompleksi istifadəyə verilib.

Nazirlikdən SeherXeber.org-a verilən məlumata görə, lokomat yeriş funksiyaları pozulan şəxslərdə aşağı ətrafların fizioloji hərəkətlərini yerinə yetirən, pasiyentlərin çevikliyini artıran, sinir sistemi travmaları və patologiyası olan pasiyentlərdə hərəki vərdişlərin, yeriş funksiyasının bərpasına imkan yaradan robotlaşdırılan ortezdir.

Sağlamlıq imkanları məhdud uşaqlar lokomat kompleksində xüsusi qurğular vasitəsilə qaçış zolağının üzərinə yerləşdirilir, xüsusi bağlar vasitəsi ilə qaçış zolağının üzərinə fiksə olunan xəstənin ayaqları ortezlərə (robotun ayaqlarına) bərkidilir. Ortezlər və qaçış zolağı hərəkətə gəldiyi zaman uşaqda yerimə hərəkəti yaradılır. 

Bu trenajorun əsas üstünlüyü aşağı ətraflardan baş-beyinə qədər impulsların hərəkətə gətirilməsinə, yerişin formalaşmasına, qan dövranının yaxşılaşdırılmasına, orqanizmin ümumi tonusunun artırılmasına dəstək verməsidir. Həmçinin trenajorla yerimə hissinin pasiyentlərdə yüksək motivasiya yaratmasıdır.