Burada vaxt qızıldan da dəyərlidir: Saat kimi işləyən mədəndən REPORTAJ - FOTO


47
 

Deyirlər, vaxt qızıldan da dəyərlidir. İstənilən prosesdə sərf edilən vaxt nə qədər çoxdursa, işin dəyəri də bir o qədər də yüksək olur. Əgər məqsəd qızıl hasil etməkdirsə, deməli boşa sərf edəcəyiniz bir saniyə belə yoxdur.

Hər şey sirena səsi ilə başlayır...

Daşkəsən rayonunun “Çovdar” Filiz Emalı Sahəsində saat 14:00-dır. Partlayıcı maddələr döşənib, hazırlıq işləri gedir. Təhlükəsizlik tədbirlərinin mütləq qaydada icra edildiyinə əmin olduqdan sonra ətrafı sükut bürüyür. Bir qədər sonra partlayış səsi eşidilir.

Dəniz səviyyəsindən 1 600 metr yüksəklikdə, Kiçik Qafqaz sıra dağları arasında yerləşən “Çovdar” mədəni saat kimi işləyir.

Az öncə parçalara ayrılan sıldırım qayalar yük maşınlarına yüklənir və xırdalanmaq üzrə yola düşür. Təbii ki, bunlar heç də adi qaya parçaları deyil. Əvvəlcədən partlayış şəbəkəsi qurularkən ərazidən nümunələr götürülür və geokimyəvi sınaqlaşdırma işləri aparılır. Nəticədə ərazinin filiz və ya “boş süxur” adlandırılan tullantılardan ibarət olduğu aydınlaşdırılır.

İşlər davam edirsə, deməli, məqsəd bəllidir. Partlayış nəticəsində əldə edilən “zəngin” süxurların tərkibində qızıl və gümüşlə yanaşı az miqdarda mis və digər əlvan metallara da rast gəlinir.

Xırdalama, ələmə prosesini izləməyə gedərkən uzaqdan qədim Roma amfiteatrlarını xatırladan nəhəng pillələri görürük. “Hər bir pillə özündən sonra gələn pillə üçün yoldur”, - deyə aydınlıq gətirir mədənçi Vüqar Quliyev. Belə başa düşürük ki, bu təbəqələr partlayışın təşkili ilə yanaşı, mədənçilərin sahədə hərəkət etmələrini də asanlaşdırır.

Beləliklə, xırdalama məntəqəsinə gəlirik. Burada daş parçası şəklindəki süxurlar konveynerlərə ötürülür və qırma-ələmə prosesi yerinə yetirilir. İndi əsas məqsəd həmin süxurlardan nəcib metalları ayırmaqdır.

Mədənlərdə marağımızı çəkən hovuzların əslində hansı funksiyanı icra etdiyini öyrənirik. “AzerGold”un dağ-mədən sektorunun müdiri İlham Babanlı deyir ki, gördüyünüz iki yanaşı hovuz “bəhrəli” və ya “bəhrəsiz” göllər kimi səciyyələndirilir. Bir qədər kənarda yerləşən hovuzda isə ehtiyat suyu saxlanılır. Yanaşı hovuzlardan soldakı sianid məhlullu göldür. Qızılla doymuş məhlul bu hovuza axıdılır. Beləliklə, absorbsiya-desorbsiya prosesinə keçid edilir.

Hovuzların yaxınlığındakı içi kömürlə dolu beş çənin hər birində dörd ton aktiv karbon var və bu dəyərli metalların cəlb edilməsində əsas rollardan birini aktiv karbon, yəni kömür oynayır. Belə ki, nəcib metal kömürün tərkibindəki xırda məsamələr vasitəsilə kömürə nüfuz edir. Bir sözlə, kömür nəcib metalları özündə saxlayır.

Hər parıldayan qızıl deyil

Çənlərdə gedən prosesləri izləmək üçün bir qədər də yaxınlaşırıq. “Bəhrəli” hovuzdan çənlərə axıdılan qızıllı məhlul çənlər boyu dövr edir. Onların içərisinə nəzər saldıqda kiçik parıldayan elementlər görsək də, absorbsiya-desorbsiya emal sahəsinin rəisi Pərvin Bağırov bildiririr ki, parıldayan hissəciklər qızıl deyil, dəyərli metallar artıq kömürün tərkibinə çəkilib və yalnız kömür turşulu məhlullarla yuyulduqdan sonra qızılı ayırmaq mümkün olacaq. Kömür öz “vəzifəsini icra edərkən” çənlərdən tərkibində qızıl olmayan su sağdakı hovuza boşaldılır.

Mürəkkəb prosesin sonuncu və ən dəyərli halqası...

Kömürün tərkibindəki qiymətli metallar ayrılır və elektroliz prosesindən sonra şlam əldə edilir. Nəhayət, mürəkkəb prosesin yekunu kimi əritmə otağına gedirik. Mədəndəki bu vacib hadisəni şüşə arxasından izləməli oluruq, çünki təlimat belədir, töküm zamanı havaya kimyəvi maddələr qarışır. Xəlitələrin hazırlanmasında iştirak edən əməkdaşlar da, yüksək hərarətdən, həmçinin kimyəvi qazlardan qorunmaq üçün maska və xüsusi geyimdən istifadə edirlər.

Bu mərhələdə qaynar lava şəklindəki əridilmiş məhlul xüsusi qablara tökülür. Ağır olan əsas kütlə ilk pillədəki qabda cəmlənir. Beləliklə, təqribən 35 faizi qızıl, 65 faizi gümüş nisbətində olan xəlitələr istehsal edilir. Bu xəlitələr İsveçrə şirkətinə saflaşdırılma üçün göndərilir, nəticədə 999.9 əyarda qızıl və gümüş külçələr beynəlxalq birjalarda satışa çıxarılır.

Sahədə işlər 24 saat dövr edir

Təbii ki, eyni proseslər təkrarən icra edilir və bu dövri hal alır. Sahədə aparılan hasilat işləri və gələcək planlardan danışan “Çovdar” Filiz Emalı Sahəsinin meneceri Emil Quliyev bildirir ki, “Çovdar” Filiz Emalı sahəsində artıq 5 ildir ki, fəaliyyət göstərir:

“Müasir texnologiyadan istifadəyə, beynəlxalq proqram paketlərini tətbiq etməyə, eləcə də işin effektiv və səmərəli təşkilini, bütün istehsalat sahələri üzrə yüksək tələblərə cavab verən optimizasiyaların həyata keçirilməsinə nail olmuşuq. Hazırda sulfid filizlərinin istismarı üzrə yataqda üstaçma işləri aparılır. Bu sahədə də müəyyən uğurlar əldə etmişik. Bizim “Çovdar” Filiz Emalı Sahəsi üzrə iki aktiv mədənimiz işləyir”.

Söhbət “Çovdar” və “Ağyoxuş” sahələrindən gedir. “Çovdar” mədəni ətrafında həyata keçirilən aktiv geoloji kəşfiyyat işləri nəticəsində “AzerGold” “Ağyoxuş” yataqlar qrupu və “Mərəh” qızıl yataqlarının kəşf edilməsinə nail olub. 

Resurs bazasında 24 qat artım təmin edilib

“Azergold”un İctimaiyyətlə əlaqələr üzrə təmsilçisi Ariz Tarverdiyev məlumat verir ki, qurum fəaliyyətə başladığı zaman realizə edilə biləcək filizlərin ümumi həcmi 179 min unsiya təşkil edirdisə, son illərdə aparılmış kəşfiyyat və optimizasiya işləri nəticəsində bu rəqəm 527 min unsiyayadək artırılıb:

“Bugünədək “Çovdar” mədənində 254 min unsiya qızıl istehsal edilib, növbəti illərdə isə əlavə 273 min unsiya qızılın istehsalı planlaşdırılır. Tək bir mədənin istismarı nəticəsində əlvan metal ixracından geridə qoyduğumuz 5 il ərzində ölkə iqtisadiyyatına 640 milyon manata yaxın vəsait cəlb edilib”.

“Çovdar” mədənində həyata keçirilən hasilat işləri ilə yanaşı, ehtiyatların artırılması, yeni mədənlərin işə salınması istiqamətində intensiv kəşfiyyat və tədqiqat işləri də həyata keçirilib və proses fasilə vermədən davam etdirilir. Aparılmış aktiv kəşfiyyat işləri nəticəsində Cəmiyyətin beynəlxalq standartlara uyğun olaraq təsdiqlənmiş resurs bazasında 24 qat artım təmin edilib.

Belə görünür ki, yeni kəşfiyyat işləri nəticəsində resurs bazasının həcmi bir qədər də arta bilər. Bəs, artıq çıxarıla bilən ehtiyatları tükənmiş sahələrin sonrakı taleyi necə olacaq?

“Çıxarılabilən ehtiyatlarla işlər yekunlaşdıqdan sonra sahə bərpa olunur. Üstü qapadılan əraziyə münbit torpaq qatı əlavə olunur və yaşıllaşdırma işlərinə başlanılır”, - deyə mədənçi Vüqar Quliyev izah edib.

Bu əsnada, mədən boyu sıra-sıra yenicə əkilmiş ağaclara rast gəlirik. “AzerGold” yaşıllaşdırma işləri çərçivəsində minlərlə tingin salınmasına nail olub. Əslində bu işlər mədənçilik sahəsində fəaliyyət göstərən hər bir şirkətin öhdəliyi hesab edilsə də, bəzən nəzərdən qaça bilir.

Aparılan yaşıllaşdırma işləri ilə ətraf-mühiti dəyə biləcək zərərin qarşısı maksimum alınır. Zərər demişkən, buradakı 5 illik fəaliyyətləri zamanı mədənçilər 2 330 000 iş saatını xəsarətsiz başa vurublar. Hər bir əməkdaş və həmçinin onların fəaliyyətinə şahidlik edərkən biz də xüsusi geyim dəsti və fərdi mühafizə vasitələrindən istifadə etdik. Həmçinin, bu qoruyucu vasitələrin hər bir məntəqədə, istənilən sahədə təkidlə tələb və istisnasız istifadə edildiyinin şahidi olduq. Məhz bu məsuliyyətin və nizam-intizamın nəticəsi kimi 5 illik iş fəaliyyəti müvəffəqiyyətlə yekun vurulub.

Nigar Məmmədova
FOTO: Firudin Səlimov