Çingiz Hüseynzadə: “Sabah yarışı olan idmançıları açılış mərasiminə aparmayacağıq” - VİDEO



 

Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə və baş katibin müavini Azər Əliyev Tokioda Olimpiya kəndinə səfər ediblər.

SeherXeber.org-a verilən məlumata görə, Azərbaycan nümayəndə heyətinin rəhbərliyi ilə görüşən Çingiz Hüseynzadə və Azər Əliyev yerli şərait və idmançıların hazırlığı ilə tanış olublar.

“Çətin şəraitdə bir az ağır olacaq. Amma sizdən böyük nəticələr gözləyirik. İnanıram ki, yaxşı olacaq. Sizə uğurlar arzulayıram. Hamınızdan yaxşı nəticələr gözləyirik”.

Bu fikirləri MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə Tokio Yay Olimpiya Oyunları ilə əlaqədar Yaponiya paytaxtında olan Azərbaycan idmançıları ilə görüşündə deyib.

Olimpiya Kəndini çox bəyəndiyini söyləyən Hüseynzadə Olimpiadanın açılış mərasimi barədə də fikirlərini bölüşüb: “Bizim idmançılar da paraddan keçəcəklər. Onların hamısı indi burada yoxdur. Əsas idmançılarımız – güləşçilər, karateçilər, gimnastlar hələ Tokioya gəlməyib. Onların çıxışları Olimpiadanın son günlərində olacaq”.

MOK rəsmisi açılış mərasimində Azərbaycanın məhdud sayda heyətlə təmsil olunacağını vurğulayıb: “Bu gün açılışa buradakı idmançılarımız çıxacaq. Biz sabah yarışı olan idmançıları açılış mərasiminə aparmayacağıq. 20-30 nəfərlik nümayəndə heyətimiz açılışda iştirak edəcək. Ümid edirəm ki, bu açılışda heyətimiz çox gözəl və təntənəli şəkildə bizim televiziya tamaşalarının qarşısından keçəcək”.

MOK vitse-prezidenti atletlərin COVID-19 testini verməsi prosesi ilə, yerləşdikləri otaqlar və yeməkxana ilə maraqlanıb. Bu gün Bakı vaxtı ilə saat 15:00-da Yaponiyanın paytaxtı Tokioda Yay Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək.