ÜST “delta” variantından daha təhlükəli koronavirus ştammı barədə xəbərdarlıq etdi



 

Ümümdünya Səhiyyə Təşkilatının (ÜST) direktoru Tedros Adhanom Qebreyesus “delta” variantından daha təhlükəli koronavirus ştammı barədə xəbərdarlıq edib.

TASS-ın məlumatına görə, bu barədə o, Tokioda Beynəlxalq Olimpiya Komitəsinin (BOK) 138-ci sessiyasında çıxış edərkən elan edib.

ÜST rəhbərinin sözlərinə görə, koronavirus nə qədər geniş yayılsa, bir o qədər çox variant ortaya çıxacaq və onların hazırkı “delta” variantından daha təhlükəli olma potensialı var.

“Buna görə, nə qədər çox variant varsa, onlardan birinin peyvəndlərdən yayınma şansı daha yüksəkdir”, - deyə o, vurğulayıb.

Qebreyesus çıxışı zamanı Tokiodakı Olimpiya Oyunlarının koronavirus pandemiyası şəraitində təhlükəsiz şəkildə keçiriləcəyinə ümidini ifadə edib.

“Olimpiya Oyunları əvvəllər müharibələr və siyasi böhranlar fonunda baş tutub, ancaq tarixdə heç vaxt pandemiya dövründə keçirilməyib. Belə vaxtlarda dünyanın hər zamankından daha çox ümid bayramına ehtiyacı var”, - deyə o, bildirib.