20 Yanvar şəhidlərinin açdığı yol danılmazdır - Özoral



 

Azərbaycanın müstəqilliyi uğrunda 20 Yanvar şəhidlərinin açdığı yol danılmazdır.

Axar.az xəbər verir ki, bu barədə 20 Yanvar faciəsinin qurbanlarını yad etmək üçün Şəhidlər xiyabanına gələn Türkiyənin Azərbaycandakı səfiri Ərkan Özoral jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, 28 il əvvəl tarixin ən qanlı hadisələrindən biri yaşanıb. 20 Yanvar tarixə qara gün olaraq yazılıb və həmin gün qərənfillərin ağladığı bir gündür. Bu ağrını illər keçsə də, ürəklərdə hiss edirik.

“Biz 20 Yanvar faciəsi zamanı qardaşlarımızı itirdik, onlar vətənləri, inandıqları doğru yol uğrunda canlarını fəda etdilər. Eyni zamanda, Azərbaycanın müstəqilliyinə yol açdılar. Yanvarın 20-də Azərbaycanda xalqın iradəsini, xalqın istəyini susdurmağa, bu istək və iradənin qarşısını almağa çalışanlar elə xalqın birliyi altında da əzildilər. Yanvarın 20-də insanlığa qarşı ağır cinayət işlənib. Bizə düşən şəhidlərimizin xatirəsini hər zaman yad etmək, keçmişdən dərs alaraq bir daha bu cür hadisələrin yaşanmaması üçün əlimizdən gələni etməkdir. Yəni düşmənlərimiz qarşısında hər zaman güclü olmalı, onların məkrli addımlarını dəf etməliyik”, - deyə səfir vurğulayıb.

Ə.Özoral qeyd edib ki, insanlıq, düzgünlük, ədalət, haqq və vətən sevgisi heç zaman qarşısına sədd çəkilməyəcək çox güclü bir hissdir. Türk millətinin tarixində bir daha belə günlərin yaşanmaması üçün tariximizi bizdən sonrakı nəsillərə ən doğru və geniş formada çatdırmaq lazımdır.