AMADA-nın iki inspektoru Olimpiada və Paralimpiadada iş başında olacaq



 

“Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) iki Dopinq Nəzarəti inspektoru Tokioda dopinq nəzarətininin həyata keçirilməsinə cəlb olunub. Onlar iyulun 19-da Tokioya yola düşəcək və həm Olimpiya Oyunlarında, həm də Paralimpiya Oyunlarında dopinq nəzarətininin həyata keçirilməsi prosesındə iştirak edəcəklər”. 

Bunu SeherXeber.org-a AMADA-nın rəhbəri Şəfəq Hüseynli bildirib.

O, başçılıq etdiyi qurumun iki əməkdaşının iyulun 23-də start götürəcək Tokio Yay Olimpiya Oyunlarında iştirak edəcəyini bildirib. Lakin o, məxfi olduğundan, onların adlarını açıqlamayıb:

“Bunun üçün onlar “Tokio-2020”-nin təşkilat komitəsinin iki mərhələli (test və müsahibə) imtahanından keçiblər. Bundan əlavə, Dopinq Nəzarəti İnspektorları onlayn dopinq nəzarəti və kağızsız dopinq nəzarəti kurslarını tamamlayaraq sertifikat alıb. Qeyd edim ki, AMADA-nın Dopinq Nəzarəti İnspektorları bir çox yerli və beynəlxalq yarışlarda dopinq nəzarətinin həyata keçirilməsində iştirak ediblər və kifayət qədər təcrübəyə malikdir.

Hələ ki hər iki inspektorun adını açıqlaya bilmərəm. Çünki onların müqavilələrində bu barədə bənd var. Yalnız onu deyə bilərəm ki, həmin inspektorlardan biri xanım, bir də bəydir”.

Səbuhi Musayev