Goranboyda ot tayası yanıb: Dörd nəfər tüstüdən zəhərlənib - VİDEO



 

Goranboy rayonunda ot tayası yanıb. Köməyə gələnlərdən dörd nəfər tüstüdən zəhərlənib.

Baku TV xəbər verir ki, hadisə rayonun Səfikürd kəndində qeydə alınıb. 

Kənd sakini Bəxtiyar Allahverdiyevə məxsus həyətdə talvarın altına yığılan ot bağlamaları qəfil alışıb. Hadisə yerinə yanğınsöndürənlər çağırılıb. Alov tez bir zamanda ətrafa yayıldığından sakinlər də köməyə gəlib. Bu zaman onlardan dörd nəfər - Elməddin İsmayılov, Füzuli Hüseynov, Pənah Qasımov və Fərman Aslanov yanğını söndürməyə kömək edən zaman tüstüdən zəhərlənib. 

Kənd sakinləri Goranboy Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 

Səfikürd kəndində baş verən yanğın zamanı ümumi sahəsi 64 kvadratmetr olan talvarın taxta atmaları və altına yığılan 14 ton ot bağlamasının altı tonu yanıb. Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Xəstəxanaya yerləşdirilən dörd nəfərin isə vəziyyəti normal qiymətləndirilir. 

Yanğının baş vermə səbəbləri araşdırılır.