Rauf Vəliyev dənizçilərin peşə bayramını təbrik edib


18
 

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev 25 iyun “Dənizçi Günü” ilə bağlı dənizçiləri təbrik edib. 

SeherXeber.org xəbər verir ki, bu barədə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin rəsmi “Facebook” hesabında məlumat paylaşılıb. 

Paylaşımda qeyd olunub: 

“Sizi Prezidentimiz İlham Əliyevin 19 iyun 2014-cü il tarixli Sərəncamı ilə təsis edilən və bütün dəniz nəqliyyatı işçilərinə ərməğanı olan peşə bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, sizə uzun ömür, möhkəm cansağlığı, müstəqil Azərbaycanımızın tərəqqisi naminə çətin və şərəfli fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzulayıram.

Bu dəfə peşə bayramını xüsusi bir ovqatla – müdrik dövlət başçımızın böyük sərkərdəlik məharəti və yenilməz ordumuzun rəşadəti sayəsində qalib ölkənin dənizçiləri kimi qarşılayırıq.

ASCO-da ən yaxşı ənənələrdən biri peşə bayramını sanballı əmək nailiyyətləri ilə qarşılamaqdır. Pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq, çoxminli kollektivimiz bu dəfə də peşə bayramını əliboş qarşılamır. Yükdaşımaların həcminin artırılması, ASCO-nun Xəzərdə aparıcı mövqeyinin qorunub saxlanılması, donanmalarımızın gəmiqayırmanın son nailiyyətləri əsasında inşa olunmuş gəmilərlə gücləndirilməsi, dənizçilərin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində atılan bir çox mühüm addımlar həm də peşə bayramına töhfəmiz sayıla bilər.

Hörmətli dənizçilər, əminəm ki, gündən-günə çiçəklənən müstəqil Azərbaycanı qətiyyətlə daha xoşbəxt gələcəyə aparan dövlət başçımızın hər sahədə mütərəqqi siyasətini dəstəklədiyinizi bundan sonra da əməli işinizlə sübut edəcək, müqəddəs üçrəngli bayrağımızı yaxın-uzaq ölkələrin sularında böyük iftixarla dalğalandıracaq, yük daşınmasında, Xəzərdə neft və qaz istehsalında yüksək dəniz nəqliyyatı xidmətləri göstərilməsində çiyninizə düşən bütün vəzifələri layiqincə yerinə yetirəcəksiniz.

Sizə aydın səma, uğurlu səfərlər arzulayıram”.