Azərbaycan Avtomobil Federasiyasına ağır itki - FOTO



 

Azərbaycan Avtomobil Federasiyasına ağır itki üz verib.

Məlumatda bildirilib ki, Federasiyanın əməkdaşı Məmmədov Səxavət Səfər oğlu 24 iyun 2021-ci il tarixində axşam saatlarında Azərbaycan Avtomobil Federasiyasına məxsus yük avtomobili ilə hərəkət edərkən Nərimanov rayonu ərazisində digər avtomobildəki tanımadıqları şəxslər tərəfindən hücuma məruz qalıb. 

Federasiyaya məxsus yük avtomobili 20 Yanvar dairəsi yaxınlığında hərəkət edərkən digər avtomobildə olan şəxslərlə yol hərəkəti zəminində mübahisə baş verib. Daha sonra digər avtomobildəki şəxslər nəqliyyat vasitəsini Nərimanov rayonu, Aşıq Molla Cümə küçəsinədək təqib edib, avtomobilin qarşısını qanunsuz olaraq kəsib, zor tətbiq etməklə Səxavət Məmmədovu avtomobildən enməyə məcbur edib, ona və onun sərnişini olan Federasiyanın digər əməkdaşına hücum edərək ağır zərbələr endiriblər. Səxavət Məmmədov hadisə nəticəsində qətlə yetirilib. Hücum edən 3 nəfər şəxs idarə etdikləri avtomobili hadisə yerində qoyaraq qaçıblar. Hazırda faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. 

Qeyd edilib ki, Səxavət Məmmədov ailəli və iki azyaşlı uşaq atası idi. Mərhum 2014-cü ildən Azərbaycan Avtomobil Federasiyasında çalışırdı. Peşəkarlığı, işğüzarlığı, mehribançılığı və təvəzökarlığı ilə kollektivin hörmətini qazanan Səxavət Məmmədov Federasiyanın nümunəvi əməkdaşlarından idi. 

Baş vermiş hadisə ilə əlaqədar Azərbaycan Avtomobil Federasiyası mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!