Neftçalanın su problemi nə vaxt həll olunacaq? - AÇIQLAMA



 

Naftçalada yaşanan su probleminin həlli üçün su kəməri çəkilir.

SeherXeber.org xəbər verir ki, “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bu barədə İTV-nin efirində yayımlanan “Sabahın Xeyir Azərbaycan” verilişində məlumat verib.

O bildirib ki, problemin həlli üçün ötən il Salyandan Neftçalaya 40 km-lik su kəmərinin çəkilişlərinə başlanılıb:

“Neftçala sakinləri artıq içməli su ehtiyaclarını su maşınlarından yox, çəkilən su xətlərindən istifadə edərək təmin edirlər. Prezident İlham Əliyev 2021-ci ilin investisiya layihəsində də bu istiqamətdə vəsait ayırıb. Ayrılan vəsaitə uyğun olaraq biz işlərə başlamışıq. Hazırda sözügedən məsələ ilə bağlı podratçı şirkət tərəfindən çalışmalar aparılır.

Neftçala şəhəri və ətraf kəndlərin su təchizatı təmin ediləcək. Növbəti mərhələdə isə artıq bütün kəndlərin su təminatı ilə bağlı çox ciddi işlər görüləcək. Bu gün Neftçala rayonun 15-dən çox kəndinə maşınlarla su veririk”.

“Artıq bu il layihənin 2-ci mərhələsi icra ediləcək. Növbəti il üçün isə layihənin üçüncü mərhələsi bütün kəndləri əhatə edəcək. Layihələr hazırdır, icra üçün maliyyələşdirməni gözləyirik. Yekunda Neftçala camaatının su problemi tamamilə həll olunacaq”, - deyə A.Cəbrayıllı qeyd edib.

Könül Cəfərli