Qələbəyə aparan yol: xırda görünən addımlardakı böyük hədəflər – TƏHLİL



 

“Damla-damla göl olar” deyiblər. İlk baxışda xırda görünən hər bir kiçik detal böyük hədəflərə aparan yolda vacib elementlərdir.

İllər öncə, Azərbaycan enerji layihələrinə başlayanda, bunun paralelində ordusunu gücləndirəndə işlərə ağız büzənlər, “hamısı boş şeydir” deyənlər oldu, çünki vəziyyəti düzgün dəyərləndirmək qabiliyyətindən məhrum idilər.

Azərbaycan Ermənistanın işğalına son qoymaq üçün kiçik addımlarla irəlilədi, görülən hər bir iş perspektiv strateji məqsədlərə hesablanan siyasətin təzahürləri idi.

Birinci Qarabağ Müharibəsinin ağır nəticələri altında əzab çəkən Azərbaycan xalqının dərdinə dövlət də şərik çıxırdı, lakin qələbə qazanmaq üçün çoxillik diplomatik-siyasi gedişlər tarixin zərurətinə çevrilirdi.

Müharibəyə başlamaq və qələbə qazanmaq üçün zəmin, güc lazımdır, bir neçə il öncə isə Azərbaycan müharibəyə başlasaydı, operativ nəticələrə nail olması çətinləşərdi. Uzun və yorucu müharibə isə nə xalqa, nə də dövlətə sərf edərdi.

Bakı enerji-iqtisadi layihələrə start verərkən özünün iqtisadi gücünü, siyasi təsir rıçaqlarını gücləndirərkən, Ermənistan üçün həlqələr daralır, İrəvan regional və beynəlxalq layihələrin hamısından kənarda qalaraq böhrana doğru sürüklənirdi.

Enerji layihələri Azərbaycana böyük həcmdə iqtisadi dividentlər qazandırır, iqtisadi gücü formalaşdırır, bu isə ordunu gücləndirir, onu müasir silahlarla təmin olunmasında həlledici rol oynayır.

İqtisadi güc siyasi əlaqələrin dərinləşməsinə gətirib çıxarır, bir sözlə, Azərbaycan müharibədən öncəki cəbhədə təşəbbüsləri ələ alır, hərçənd bir sıra təzyiqlərə də məruz qalır.

Azərbaycan bütün bu proseslərin fonunda müharibədə qələbəni sürətləndirən strategiya yürüdür, əməliyyatlarda orduya taktiki üstünlük, çeviklik qazandıran ən müasir silahların alınması üçün yola baş qoyur.

Buna görə də, illər keçdikcə dövlət büdcəsində müdafiə və təhlükəsizlik xərclərinə ayrılan vəsaitin həcmi çoxalır və Azərbaycan yeni silah bazarlarına çıxışlar əldə edir.

Bu elə bazardı ki, silahını yalnız istisna ölkələrə ixrac edir, bu o deməkdir ki, həmin silahları almaq maliyyə ilə yanaşı çox güclü və inandırıcı siyasi təşəbbüslər ortaya qoymağı şərtləndirir.

Bakı buna görə də bir neçə il öncə İsraillə əlaqələri genişləndirmək siyasətini prioritet elan edir, bu, Azərbaycanın müasir, beşinci nəsil silahlara çıxışını təmin edən ən vacib addımlardan biri idi.

İsrail indinin özündə də Azərbaycan üçün yeni silah bazarı baxımından önəmli rola malikdir.

Digər tərəfdən Azərbaycan-Türkiyə strateji tərəfdaşlıq və dost dövlətlər kontekstində münasibətlərini özündə ehtiva edən nəzəri əsasları praktiki müstəviyə keçirmək zərurəti meydana çıxırdı.

Fikir verək, illər öncə, nə Azərbaycan, nə də Türkiyə bir-birinə bu qədər yaxın olmamışdı, daha doğrusu Bakı və Ankaranın məhdud resurs və potensialları birləşdiricilik yolunda maneə yaradırdı.

Buna görə də Bakı və Ankara üçün ortaq maraqların ən üst səviyyədə strateji münasibətlərə çevrilməsi üçün praqmatik siyasət lazım idi, enerji layihələri isə birgə maraqlara cavab verən ən münbit platforma oldu.

Zamanla Türkiyə dövləti möhkəmləndikcə Azərbaycana siyasi və hərbi dəstəyini də artırır və Bakı ən müasir silahların bir qismini də Türkiyədən tədarük edir.

Bu müddətdə Azərbaycan digər ölkələrdən də - Çexiya, Ukrayna, Belarus, Pakistan da silah tədarükünü çoxaldır və ordu güclənir. Yürüdülən siyasətdə xalqın iradəsinin əks olunması da vacib idi, çünki bu, müharibədə xalqın həmrəyliyinin gətirib çıxaracaqdı.

Qələbəni şərtləndirən amilləri bir neçə bəndlə göstərə bilərik:

- İqtisadi güc,

- Güclü ordu,

- Diplomatik uğurlar

- Milli həmrəylik və birlik.

Bu il iyunun 26-da Silahlı Qüvvələr Gününü qalib ölkə kimi qeyd edəcəyik, qürur yerimiz olan orduya münasibətimizi qalib ölkənin vətəndaşları kimi çatdıracağıq.

Artıq Azərbaycan Ordusu məğlub yox, müzəffər Ordudur və dünyanın aparıcı ölkələri Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsindəki döyüş əməliyyatlarından danışır.

Nəticə:

1. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strategiya güclü dövlət yaradılmasına hesablanmışdı və öz nəticəsini verdi;

2. Güclü iqtisadi potensialın, böyük maliyyə imkanlarının yaradılması müasir ordu quruculuğu və hərbi məsələlərin yüksək səviyyədə həll edilməsinə imkan yaradırdı.

Aqşin Kərimov