İnsanlardan yardım istəyən rəssam bir günün içində zəngin insana çevrildi - VİDEO



 

ABŞ-da küçədə insanlardan imdad diləyən rəssam bir günün içində zəngin insana çevrilib.

Medialeaks.ru portalı məlumat verir ki, bu qeyri-adi hekayə Los-Ancelesdə yaşayan Riçard Xatçinsonun həyatında yaşanıb.

Əvvəllər o, fəal şəkildə yaradıcılıqla məşğul olub və məşhurların portretlərini çəkib.

Lakin emalatxanasında baş verən yanğından sonra rəssam fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb və küçədə insanlardan pul dilənməyə başlayıb.

Rəssam əlində tutduğu kağıza “Evsiz veteranın köməyə ehtiyacı var” sözlərini yazaraq insanlardan yardım istəyib.

Günlərin birində səyyah, həmçinin xeyriyyəçiliklə məşğul olan Çarli adlı “Tik-Tok” bloqeri rəssama yaxınlaşıb və onunla dostlaşmaq istədiyini bildirib. Riçard yeni tanışına əsərlərinin nümayiş olunduğu muzeyə getmək arzusunda olduğunu söyləyib.

Bloqer rəssamın hekayəsini dinləyib və ona kömək etməyə qərar verib.

O, Riçarda sənətini davam etdirmək üçün lazım olan əşyaları alıb və rəsm qalereyalarından birində rəssamın fərdi sərgisini təşkil edib.

Riçard ona göstərilən bu qayğıdan çox təsirlənib və fəaliyyətini bərpa etməyə qərar verib. Bundan əlavə, istedadlı rəssam üçün şəxsi sayt yaradılıb və Riçard əsərlərini satışa çıxarıb.

İnsanlar onun əl işlərinə böyük maraq göstərib və artıq birinci gün onun qazancı 51 min dollar (86 min manat) təşkil edib.