İxtisasartırma kursu keçmək istəyən sahibkarların NƏZƏRİNƏ



 

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) sahibkar və menecerlər üçün “İqtisadi kooperasiya” üzrə virtual ixtisasartırma kursu keçirir. 

Agentlik menecment sahəsində beynəlxalq ixtisasartırma kursu keçmək istəyən iş adamlarını müsabiqəyə dəvət edir. “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan Birgə Proqramı” çərçivəsində keçiriləcək onlayn kursda menecment sahəsində Almaniyanın peşəkar təlimçiləri tərəfindən iştirakçılar üçün praktiki idarəetmə vərdişlərinin qazanılması məqsədilə onlayn treninqlər, alman şirkətləri ilə virtual formatda təcrübə mübadiləsi, onlayn işgüzar görüşlər və turlar təşkil ediləcək. 

2021-ci ilin avqust-oktyabr aylarını əhatə edən və ingilis dilində təşkil olunacaq ixtisasartırma kursunu uğurla başa vuran iştirakçılara Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) beynəlxalq sertifikatı veriləcək. Proqramda iştirak ödənişsizdir. 

İxtisasartırma kursunda iştirak etmək istəyən sahibkar və menecerlər müvafiq sənədləri 4 iyul 2021-ci il tarixinədək elektron qaydada KOBİA-ya təqdim etməlidir. Kurs iştirakçıları proqramın əlaqələndiricisi olan mütəxəssisləri tərəfindən onlayn müsabiqə vasitəsilə seçiləcək.

İxtisasartırma kursu, o cümlədən iştirak üçün lazımi sənədlər və namizədlərə dair tələblər barədə məlumatı KOBİA-nın www.smb.gov.az saytından əldə etmək olar (https://bit.ly/3A0tc0a).