İki informasiyada gizlənən kodlar: Erməni generalın bəyanatının pərdəarxası - ŞƏRH



 

Xankəndidə baş verənlərdən sonra Ermənistan mətbuatında yayılan iki informasiya diqqət çəkir:

Birincisi, yaxın gələcəkdə Ermənistan və Rusiya rəhbərliyi Rusiya sülhməramlılarının Gegarkunik bölgəsinə yerləşdirilməsini nəzərdən keçirir.

Bu informasiyanı baş qərargah rəisi Aryak Davtyan da təsdiqləyib.

 Artak Davtyan danışıqlarda Azərbaycanın da iştirakçı olacağını bildirib.

Artak Davtyanın açıqlaması həm erməni ictimai rəyində Qarabağa dair bütün izləri silməyə yönəlib, həm də Azərbaycanın sərhədlərini bərpa edərkən İrəvanın acizliyini sətiraltı da olsa etiraf etməyə hədəflənib.

Onun “Azərbaycan bizim ərazilərə gələndə ondan soruşacağımız bir şey yoxdur, lakin danışıqlar Rusiya ilə aparılır. Məqsədimiz odur ki, toqquşma olmadan Azərbaycan qoşunları geri çəkilsin (sərhəddən)” deməsi də İrəvanın seçkilərdən sonrakı prioritetlərinin ifadəsidir.

Xankəndidə baş verən etirazlar, separatçıların başçısı Araik Arutyunyana qarşı cəbhənin fəallaşması, Araikin bir sıra mesaj verməsi də Davtyanın dediklərini tündləşdirir.

Araikin açıqlamasının altında o gizlənir ki, Ermənistan olmadan Qarabağdakı ermənilər yaşaya bilməz, üstəgəl, bir neçə aydır Qarabağda yaşayan ermənilərin sayının şişirdilməsini bilərəkdən etiraf edib. Bəli, məhz bilərəkdən, məqsəd “artıq Qarabağda ermənilər yaşamaq istəmir, tərk edirlər” mesajını vermək idi.

İndi Ermənistan üçün Qarabağ həyati əhəmiyyət kəsb etmir, indi əsas diqqət sərhədə fokuslanıb.

Düşünmək olar ki, Xankəndidəki etirazlarda Rusiya da maraqlıdır.

O başqa məsələ ki, Araik piyadadır və etirazların hədəfi heç də o deyil, Nikol Paşinyandır, Qərbin adamı kimi tanınan Paşinyana qarşı etirazın bütün formaları isə Moskvaya sərf edir.  

Rusiyanın məqsədi həm Qarabağda, həm də sərhəddə sülhməramlı kontingentini saxlamaqdır, lakin birinci ilə Azərbaycan uzun müddət razılaşa bilməz.

Bunlarla belə, Araikə qarşı başlanan etirazları həm də Bakının xeyrinə addım kimi qiymətləndirmək olar. Çünki:

1. Azərbaycanın diplomatik masada əli gücləndirir və şərtlərini Ermənistana diktə etməkdə davam edir.

2. Əks təqdirdə, hərb variantı – antiterror əməliyyatları keçirilə bilər.

Baş verən prosesləri Azərbaycana fayda gətirən arqumentlər hesab etmək olar, lakin sözsüz ki, bu məsələdə Rusiya amili də nəzərə alınır.  

İkinci informasiya isə Ermənistanın sülh sazişini imzalamağa hazırlaşması ilə bağlıdır. Bildirilir ki, bu ilin sentyabrında Nikol Paşinyan sülh sazişinə imza atmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıyacaq.

Böyük ehtimal ki, həmin saziş Vətən müharibəsinin başlanmasının ildönümü ərəfəsində və ya ondan az sonra imzalanacaq. Bu isə Qarabağda qalan erməni qoşunlarının çıxarılması deməkdir.

Top Azərbaycan diplomatiyasındadır və növbəti “qollar”ın şahidi olacağımıza əminlik artır.

Aqşin Kərimov