FIDE vitse-prezidenti: “Teymur Rəcəbova aid qərarın əleyhinə olanlar var idi”



 

Xəbər verdiyimiz kimi, Azərbaycan şahmatçısı Teymur Rəcəbov 2022-ci ildə keçiriləcək İddiaçılar Turnirində iştirak edəcək.

SeherXeber.org-a verilən məlumata görə, FIDE-nin vitse-prezidenti olan həmyerlimiz Mahir Məmmədov qərarı belə şərh edib:

“Teymur Rəcəbov pandemiyanın ən gərgin zamanında İddiaçılar Turnirində iştirak edə bilmədi, sonradan turnir yarımçıq dayandırıldı. Bu məsələ uzun müddət müzakirə edildi. Gərgin müzakirələrin şahidi olduq. Bu qərarın lehinə və əleyhinə olanlar var idi. Biz çalışdıq şahmatçımızın hüquqlarını qoruyaq və onun Dünya Kubokunda qələbəylə əldə etdiyi İddiaçılar Turnirində iştirak hüququnu təmin edək.

FIDE rəhbərliyinin səviyyəsində açıq müzakirələr keçirildi. Sonda əksəriyyət Teymurun 2022-ci ildə keçiriləcək İddiaçılar Turnirində iştirakını dəstəklədi. FIDE təşkilatçı ölkəyə verilən “wild kart” – xüsusi dəvəti Teymura təqdim etdi. Gərgin müzakirələrdə FIDE prezidenti Arkadi Dvorkoviç bizi tək qoymadı. Dvorkoviçin daim mənimlə ünsiyyətdə olmasını və Azərbaycanın mövqeyini dəstəkləməsini qeyd etməyə bilmərəm. 

Ali şahmat qurumunun qərarı Azərbaycanın şahmat dünyasındakı nüfuzunu göstərir. FIDE daim Azərbaycanda şahmata göstərilən qayğını dünya ölkələrinə nümunə göstərib. Azərbaycan Prezidenti İlham Əliyev həmişə şahmatı xüsusi diqqətiylə əhatələyib. Teymur bu ilin əvvəlində Çempionlar Turunda qələbə qazanandan sonra dövlət başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva ona təbrik məktubu göndərdilər. Ölkəmiz mötəbər şahmat yarışlarına daim yüksək səviyyədə təşkilatçılıq edib. Rəcəbovun hüququnun bərpasında bu amillər xüsusi rol oynadı. Şahmat dünyası Azərbaycanın idman aləmində böyük qüdrətini nəzərə alaraq bu addımı atdı. Teymurla bağlı qərar Azərbaycana olan münasibətin göstəricisidir. İnanırıq ki, şahmatçımız mötəbər yarışa yaxşı hazırlaşacaq, turnirdə layiqincə çıxış edəcək”.

Qeyd edək ki, İddiaçılar Turnirində səkkiz şahmatçı iştirak edəcək. Onlardan yalnız Teymur Rəcəbovun iştirakı dəqiqləşib.