Ramin Musayev: “Azarkeşlər stadiona gələndə büdcəyə daha çox pul gəlir”



 

“Ötən mövsüm pandemiya ilə bağlı yarımçıq dayandırıldı. Şükürlər olsun ki, bu il belə olmadı. Layiqli komandalar layiqli yerlərdə qərarlaşdılar. Onlara avrokuboklarda uğurlar arzu edirik. İnşallah, püşkatmada bəxtləri gətirər. Komandalarımızın bu mövsüm bizi sevindirməsini istəyirik”.

SeherXeber.org-ın xəbərinə görə, bunu jurnalistlərə müsahibəsində Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev deyib.

O, dünən baş tutan Azərbaycan Kubokunun final matçında “Keşlə”nin “Sumqayıt”ı 2:1 məğlub edəcəyini gözlədiyini bildirib:

“Kubokun qalibi mənim üçün sürpriz olmadı. Oyundan qabaq “Sumqayıt”ın prezidenti Riad Rəfiyevə də demişdim ki, uşaqları çox yorma, onsuz da “Keşlə” qalib gələcək. Bu əminlik bilmirəm haradan idi. Elə “Qarabağ”la matçından əvvəl də demişdim ki, “Neftçi” qalib gələrək çempion olacaq. Sadəcə, intuisiyam belə demişdi. Hər kəsin ürəyində bir komanda olur. Səkkiz komandanın hamısını ürəyimdə saxlaya bilmərəm ki... Özü də bilirsiniz ki, ürəyimdən yeni əməliyyat olmuşam. Artıq yüklənmə olmaz (gülür). Qəlbimdəki komanda “Neftçi”dir (Ramin Musayev vaxtı ilə “Neftçi”də vitse-prezident işləyib – S.M.)”.

Daha sonra Ramin Musayev azarkeşlərlə və işğaldan azad olunmuş şəhərlərimizdə komandaların yaradılması ilə bağlı danışıb:

“Azarkeşlə çempionat yaxşı olur ki, stadionda idman ab-havası çox olur, oyunlar daha maraqlı olur, büdcəyə daha çox pul gəlir (gülür). Sözsüz ki, hər iki oyunda azarkeşin olmaması mənim üçün ağır oldu. Amma gərək onlar da məni başa düşsünlər. Özbaşına deyilik. İlk növbədə insanların sağlamlığını düşünürük. İndi deyəcəklər ki, bu matçda tribunada adamlar var idi. Onlar qazilərimiz, futbolçuların ailələri idi. Onların gəlişinə “yox” deyə bilməzdik. Sözsüz ki, istərdim ki, stadion tam dolu olsun. Belə alındı, nə etmək olar?! Gərək qərarla razılaşaq. İnşallah, gələn il əmin-amanlıq olsun, çempionatı azarkeşlə keçirərik.

Futboldankənar vəzifəli şəxslərdən eşitmişəm ki, hər bir rayonun öz klubu olmağı məsləhətdir. Stadionların tikilməsi ilə bağlı məlumatlarımız var. İndi bəlkə də düşünərlər ki, azarkeşləri sevindirmək üçün belə deyirəm. Amma belə deyil. Cənab Prezident tapşırığı ilə Şuşa yenidən dirçələcək. Yəqin ki, bu şəhərin stadionu da olacaq. Ağdamda 100 faiz olmalıdır. Kəlbəcərdə əvvəllər uşaqlar var idi ki, klub yaratmaq istəyirdilər. Qubadlıdan dəfələrlə istəyənlər olub. Bərdədən əvvəllər komanda var idi. Sözsüz ki, bu komandaların olmağı çempionata işıq saçar, futbolçular bölgələrə gedərlər. Bundan sonra hər bölgədən 1-2 futbolçu çıxsa, yığma üçün kənardan oyunçuya ehtiyacımız olmaz”.

PFL prezidenti bölgə klublarına və Azərbaycan Premyer Liqasına sponsorluq məsələsindən də danışıb:

“Mənə əvvəl də sual vermişdilər ki, “Xəzər Lənkəran” qayıdarsa, mübarizəyə I diviziondan başlayacaq, yoxsa Premyer Liqadan? Sözsüz ki, qaydalar I diviziondan başlamasını tələb edir. Sadəcə, mən cavab vermişdim ki, bütün məsuliyyəti üzərimə götürüb, qanunsuzluq edib, həmin komandanı Premyer Liqaya buraxmağı özümə borc bilərəm. Bundan da şərəf duyaram. Çünki bölgələrdə komandaların olmağı daha məsləhətdir. Bu gün də düz deyirsiniz ki, klublar lisenziya almasalar belə, yekun qərarı İcraiyyə Komitəsi verəcək. Əgər o vaxta qədər doğrudan da sponsor tapılarsa, yenidən nəsə əldə etmək olar. Həyatda düzəlməyən şey yoxdur. Təki istək olsun. Bundan sonra hər şey etmək olar. 

Növbəti mövsüm üçün söz veriblər ki, sponsor olmalıdır. Pandemiya ilə bağlı söhbətlərimiz alınmır. Sponsor nəyəsə maraq göstərib gəlir. Biz onların qoyduğu tələbləri yerinə yetirə bilmiriksə, niyə sponsor olsunlar ki? O tələblər tamaşaçılarla bağlıdır. Onlar reklam olunmalıdır. Bizə havayı kim pul verər ki?”

Səbuhi Musayev