WAKO prezidenti Azərbaycanın Avropa çempionatının ev sahibliyinə namizədliyini qiymətləndirdi – FOTO



 

WAKO-nun (Ümumdünya Kikboksinq Təşkilatları Assosiasiyası) prezidenti Roy Beyker Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə ilə görüş keçirib.

SeherXeber.org-a verilən məlumata görə, görüşdə Milli Olimpiya Komitəsi (MOK) tərəfindən baş katibin səlahiyyətlərini icra edən Azər Əliyev, İdman şöbəsinin müdiri Həsənağa Rzayev, Marketinq Departamentinin rəhbəri Mehman Kərimov, mətbuat katibi Günay Malikqızı iştirak edib.

Azərbaycan Kikboksinq Federasiyası tərəfindən (AKF) federasiya prezidenti Orxan Əliyev, baş katib və milli komandanın rəisi Sadıx Bağırov iştirak edib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub. Səmimi görüşə görə təşəkkürünü bildirən R.Beyker Azərbaycan idmançılarının istər kikboksinq, istərsə də digər idman növlərində mütəmadi olaraq qazandıqları uğurların digər ölkələrə nümunə olduğunu bildirib. 

O, kikboksinq idman növünün ölkəmizdə geniş yayılması və burada nüfuzlu idmançıların hazırlanması sahəsində görülən işlər barədə söz alaraq federasiyanın keçmiş rəhbəri olan Milli Məclis sədrinin müavini Adil Əliyevin əməyinin əvəzsiz olduğunu dərhal vurğulayaraq, pandemiya dövründə AKF-nın yeni prezidenti Orxan Əliyevin rəhbərliyi altında federasiyanın fəaliyyətini ən yüksək qiymətləndirib. 

İrlandiyalı qonaq son üç ay ərzində WAKO-nun böyüklər arasında dünya çempionatı və gənclər arası Avropa birinciliyinə ev sahibliyi əldə etmək üçün AKF tərəfindən görülən işləri fantastik adlandırıb. O bildirib ki, bu il keçiriləcək gənclərin Avropa çempionatına WAKO-nun 160 üzv ölkə arasında final mərhələsində hazırda cəmi iki ölkənin bu mübarizədə adı çəkilməsi, onlardan birinin Azərbaycan olması həddən artıq yüksək göstəricidir.

Görüşün sonunda Çingiz Hüseynzadə Roy Beykerə xüsusi hədiyyə təqdim edib, xatirə şəkilləri çəkilib.