Avropanın nəhəng çempionatlarında son tur: “Yuventus” Çempionlar Liqasız, “Arsenal” avrokuboklarsız qala bilər



 

Avropanın əsas futbol çempionatlarına sabah yekun vurulacaq. Bununla da bütün məsələlərə aydınlıq gələcək.

SeherXeber.org son tur əsnasında hansı klubların nəyə iddialı olduğunu araşdırıb.

İngiltərə

Premyer Liqada çempion və gümüş medalçılar bəllidir. Bunlar Mançester klublarıdır. Ancaq UEFA Çempionlar Liqasında yarışacaq üçüncü və dördüncü komandaların adları hələ bəlli deyil. Bu yerə üç namizəd var: “Çelsi”, “Liverpul” və “Lester”.

Burada ilk iki klub daha şanslı görünür. Belə ki, həmin iki klubdan fərqli olaraq, “Lester”in sonuncu turdakı rəqibi sabah “Totenhem” olacaq. Üstəlik, “Çelsi” Çempionlar Liqasına düşə bilməsə belə, onları bu turnirin finalında “Mançester Siti” ilə matç gözləyir. Həmin matçda qələbə də “Çelsi”ni İngiltərənin beşinci komandası kimi Avropanın ən ali klub turnirində iştirakına yaşıl işıq yandırmış olacaq.

Son turda “Vest Hem”, “Totenhem”, “Everton”, “Arsenal” və “Lids”in avrokubok məsələsinə də aydınlıq gəlmiş olacaq. “Everton” çempion “Mançester Siti” ilə, “Totenhem” Çempionlar Liqasına düşmək istəyən “Lester”lə qarşılaşacağından, “Vest Hem”in növbəti mövsüm Avropa Liqasında yarışacağını indidən ehtimal etmək mümkündür. “Arsenal” isə son turda “Brayton”u yenərək yeddinci sıraya yüksələ və ilk dəfə keçiriləcək, Azərbaycanın üç klubunun mübarizə aparacağı Konfrans Liqasına vəsiqə qazana bilər. Əks halda, XXI əsrdə “Arsenal” ilk dəfə avrokuboklarsız qalacaq.

İspaniya

La Liqada bu gün son turun yeddi, sabah iki görüşü keçiriləcək. Burada İspaniya çempionu müəyyənləşəcək. Bu, Madrid klublarından biri olacaq. Daha çox şanslı tərəf hazırkı lider “Atletiko” görünür. Çünki Dieqo Simeonenin yetirmələri autsayder “Valyadolid”lə qarşılaşacaq. “Barselona” və “Sevilya”nın Çempionlar Liqasında yarışacağı dəqiqləşib. “Real Sosyedad”, “Betis” və “Vilyareal”ın Avroliqa və ya Konfrans Liqasında mübarizə aparması son turun nəticələrindən asılı olaraq, müəyyənləşəcək.

İtaliya

A Seriyasında bu gün üç, sabah yeddi görüş keçiriləcək. “İnter” çempionluğu bir neçə tur öncədən bayram edib. Burada “Yuventus”un Çempionlar Liqasında olub-olmayacağı maraqla gözlənilir. Bunun üçün beşinci sırada olan Turin klubu “Bolonya”nı yenməyə məhkumdur. Üstəlik, onlar üstdəki komandalardan birinin büdrəməsinə ümid bəsləməlidir. Son turda “Roma” və “Sassuolo”dan hansının Konfrans Liqasında mübarizə aparacağı müəyyənləşəcək.

Səbuhi Musayev