Azərbaycanlı hakim Olimpiadada ədaləti qoruyacaq “15-liy”ə düşdü



 

Avropa Karate Federasiyası Hakimlər Komissiyasının üzvü Cahangir Babayev Tokio Yay Olimpiya Oyunlarını idarə edən 15 hakim sırasına daxil edilib.

SeherXeber.org-ın xəbərinə görə, bu barədə dünən C.Babayevə Ümumdünya Karate Federasiyasının (WKF) prezidenti Antonio Espinos tərəfindən məktub gəlib. Məktubda onun 5-7 avqust tarixlərində Olimpiadanın karate yarışlarında hakimlik edəcəyi bildirilib.

Xatırladaq ki, Azərbaycan Milli Karate Federasiyası Hakimlər Komitəsinin sədri, 5-ci dan qara kəmər sahibi, “Əməkdar məşqçi”, eləcə də “Qaraqaplan” klubunun baş məşqçilərindən biri C.Babayev 198 dövlətin üzvü olan WKF tərəfindən 2013-cü ildə dünyanın “Ən yaxşı hakimi” seçilib.

O, həmçinin son iki İslam Həmrəyliyi Oyunları və Avropa Oyunlarının hakimi olub. Bakıda I Avropa Oyunlarında məhsuldar fəaliyyətinə görə Cahangir Babayev Azərbaycan Prezidentinin “Fəxri fərmanı” ilə təltif edilib. Onun yetirmələri arasında dünya və Avropa çempionatının, Avropa və İslam Həmrəyliyi Oyunlarının qalib və mükafatçıları var.