Ədliyyə Nazirliyi axtarışda olan fırıldaqçı İbrahimovu qoruyur: mətbuat konfransında sensasion faktlar
Azərbaycanda hüquqlarının bərpası axtarışında olan, müraciət etmədiyi dövlət orqanı qalmayan, İbrahimov Fikrət Vəli oğlu tərəfindən aldadılan vətəndaş Sakin Ağayev mübarizəsinin yeni mərhələsinə başlayır.
Məlum olduğu kimi, məhkəmələr saxta müqaviləyə istinad edərək F.İbrahimovun lehinə qətnamələr çıxarıb, onun fırıldağına şərik olublar.
Nəticədə S.Ağayev və ailəsi ondan öz pulunu istədiyi halda borclu çıxarılıblar, Ədliyyə Nazirliyi haqqında cinayət işi açıb, üç ildir ki, ölkədən çıxışı məhdudlaşdırılıb.
F.İbrahimovu himayə edən məmurlar, qohumu olan ədliyyə naziri Fikrət Məmmədov bir ailənin haqqını nahaqqa qurban verməkdə davam edirlər.
Metal tədarükü adı ilə fırıldaq
Bu iş üzrə Prezidentə, I vitse-prezidentə və bütün qurumlara məktub yazan, dövlətdən kömək istəyən Ağayevlər ailəsi üzləşdiyi haqsızlıqla bağlı bir müsbət reaksiya bildirilmədiyi üçün mətbuat konfransı keçirməyə qərar verib.
Rubrika.Az-ın verdiyi məlumata görə, bu gün, yəni mayın 7-də Sakin Ağayev Fikrət İbrahimovun qanunsuz əməlləri və ona havadarlıq edən dövlət məmurları barəsində mətbuat konfransında geniş məlumat verdi.
Səsini media vasitəsi ilə bir daha duyuran və Prezidentdən müvafiq tapşırıq gözləyən S.Ağayev mətbuat konfransında məhkəmələrin hansı absurd qərarlar verdiyini, nə kimi saxtakarlıqlar edildiyini açıqladı.
Onun sözlərinə görə, həyat yoldaşı, Qazaxıstanda yaşayan Azərbaycan vətəndaşı Rəhimli Vüsalə Mahmud qızı özünə məxsus olan “Töleş Manğıstau” MMC-nin 51% hissəsini 14 iyun 2014-cü ildə Aktau şəhərində imzalanan 14-02 saylı alqı-satqı müqaviləsi əsasında 1.250.000 (Bir milyon iki yüz əlli min) ABŞ dollarına digər Azərbaycan vətəndaşı İbrahimov Fikrət Vəli oğluna satıb. Hər şey də buradan başlanıb.
Bu müqavilənin şərtlərinə görə F.İbrahimov aldığı pay hissəsinin dəyərini 2014-cü ilin sonuna qədər ödəməli idi, lakin göstərilən vaxtda vəd edilən məbləğ ödənilməyib.
2015-ci ilin fevralında F.İbrahimov iki dəfəyə hər birində 350.000 ABŞ dolları olmaqla ümumi 700.000 ABŞ dollar müqavilədə göstərilən bank hesabına köçürüb. Yəqin ki, bu məbləği görəndə əvvəlcə etibar ediblər.
Hesaba köçürülən pulu hesaba mədaxil etmək üçün bankdan müqavilə tələb olunduqda V.Rəhimli yuxarıda göstərilən 14-02 saylı müqavilənin nüsxəsini banka təqdim edib. Lakin bankdan müəyyən olunub ki, qeyd edilən vəsait həmin müqavilə əsasında deyil, başqa bir adla, hansısa başqa saziş əsasında metal tədarükü məqsədi ilə ödənilib. Kələyə bax!
V.Rəhimlidə metal tədarükü təyinatlı bir müqavilə olmadığına görə, ödəniş səbəbi yanlış göndərildiyi üçün bank vəsaiti hesaba mədaxil etmədən geri qaytarıb. Bu barədə F.İbrahimov məlumatlandırılıb.
Ödənişin təyinatını düzgün, yəni tərəflər arasında müqavilə əsasında yenidən köçürülməsi xahiş olunub. Bir müddət sonra F.İbrahimov V.Rəhimlinin həyat yoldaşı Sakin Ağayevə zəng vurur. Bildirib ki, pulu bank hesabına göndərə bilmir, onu nağd olaraq Bakıda vermək istəyir.
İbrahimovun iyrənc və uğursuz şantaj metodu
Qazaxıstanda banka olan borclarını tezliklə bağlamaq üçün V.Rəhimli razılıq verib. Həmin məbləği Sakin Ağayevin Bakıdakı bank hesabına qoymağı və oradan Qazaxıstana göndərilməsinə razılaşır.
Bakıdakı bank hesabından əməliyyatlar aparmağa Sakin Ağayevin birinci nikahından olan qızı Dilarə Ağayevanın etibarnaməsi olduğu nəzərə alınaraq onun vasitəsi ilə bu əməliyyatın həyata keçirilməsinə qərar verilir.
Fikrət İbrahimov iki dəfə (20.02.2015 və 25.02.2015-ci il tarixlərində) hər dəfə 349 000 ABŞ dolları olmaqla (hər dəfə həmin məbləğlərdən 1000 ABŞ dolları nəğdləşmə faizi çıxmaqla) ümümi 698 000 dolları Dilarə vasitəsi ilə R.Vüsalənin həyat yoldaşı S.Ağayevin bank hesabına qoyub.
Hər iki əməliyyatla bağlı o, Dilarədən u pulun onun tərəfindən qəbul edilməsinə dair qəbz alıb. Birinci dəfə ödənişi F.İbrahimov, ikincidə oğlu Şahin İbrahimov həyata keçirib. Ancaq borcun qalan 550 000 dolları hissəsi isə ödənilməmiş qalır. Bundan sonra F.İbrahimov zənglərə cavab verməyib və onunla uzun müddət əlaqə saxlamaq mümkün olmayıb.
S.Ağayev Bakıda yaşayan böyük qardaşı Ağayev Məhəmmədhaqqını hər hansı informasiya almaq üçün evinə gedib xəbər bilməsini xahiş edir. M.Ağayevi küçədə F.İbrahimovun həyat yoldaşı və qaynanası qarşılayaraq bildiriblər ki, “hazırda Fikrət şəhərdə yoxdur”.
M.Ağayev onlardan Fikrətin imkanı olan kimi S.Ağayevə zəng vurmasını xahiş edir. Bir müddət sonra M.Ağayevə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən zəng gəlib və həmin idarəyə gəlməsi tələb edilib. İdarədə məlum olub ki, F.İbrahimov öz həyat yoldaşına M.Ağayevə qarşı böhtan xarakterli şikayət ərizəsi yazdırıb.
Bildirib ki, guya 60 yaşlı M.Ağayev Fikrətin arvadına sataşıb. Müvafiq araşdırma aparıldıqdan sonra bunun böhtan olduğu müəyyən edilib və sərbəst buraxılıb. Bu böhtandan sonra aydın olub ki, F.İbrahimov borcun qalan hissəsini, yəni 550 000 dolları ödəməkdən yayınmaq üçün müxtəlif vasitələrlə qarşı tərəfə təzyiqlər göstərməyə başlayıb.
Qazaxıstanda axtarışda olan fırıldaqçı - İbrahimov
Mətbuat konfransında bunları bildirən S.Ağayevin sözlərinə görə, xanımı V.Rəhimli 2016-cı ilin iyununda Qazaxıstanın 2 saylı Aktau şəhər Məhkəməsində “borcun ödənilməsi” tələbi ilə bağlı F.İbrahimova qarşı iddia qaldırıb. Qazaxıstanda məhkəmə prosesləri uzun müddət davam edərək Ali Məhkəməyə qədər çıxıb.
Sonda Mangistau vilayət Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 20 aprel 2018-ci il tarixdə qətnamə çıxarılır. Qərara əsasən F.İbrahimov V.Rəhimliyə olan 1.250.000 dollar məbləğində borcdan qalan 550.000 dolları və 68.000 dolları məhkəmə xərcləri ödəməlidir.
V.Rəhimliyə olan borcu ödəmədiyinə görə F.İbrahimov Qazaxıstanın hüquq-mühafizə orqanları tərəfindən axtarışdadır. Amma İbrahimov açıq məhkəmə çəkişməsində sübuta yetirilmiş borcunu ödəməkdən yayınaraq Azərbaycanda gizlənir. Buna görə V.Rəhimli Azərbaycanın Ali Məhkəməsinə müraciət edir, Qazaxıstan məhkəməsinin çıxardığı qətnamənin tanınması və məcburi icraya yönəldilməsi barədə Beynəlxalq Konvensiya qanunlarına uyğun şəkildə vəsatət qaldırır.
Ali Məhkəmənin qulbeçə hakimləri - onları tanıyın!
Amma çi fayda! Ali Məhkəmənin Mülki Kollegiyasının hakimləri – femidanın düşmənlıri olan Hacıyev Sənan Firudin oğlu, Əsgərov Qurbət Ağa oğlu və Vəliyevə Elşanə Raffiq qızı F.İbrahimovun tərəfini tutur, ona havadarlıq edirlər. Çünki məhkəmələr azad deyil, sifarişlə qərar çıxarır və ədliyyə nazirinin qohumunun fırıldağına şərik olurlar.
Onlar heç bir qanuni əsas gətirmədən 27.12.2018 -ci il tarixdə vəsatətin təmin olunmasından imtina edirlər. Bununla nəinki Azərbaycan qanunlarını, hətta ölkəmizin qoşulduğu Beynəlxalq Konvensiya qanunlarını da kobudcasına tapdalayırlar. Nəticədə dövlətin adına ləkə gətirən addım atırlar.
Bu qanunsuzluğu aradan qaldırmaq üçün V.Rəhimli Avropa İnsan Haqları Məhkəməsinə müraciət etməli olub. Hazırda Avropa məhkəməsi tərəfindən icraata götürülüb, qovluq nömrəsi verilib.
Nəyə görə Ali Məhkəmənin Mülki Kollegiyasının hakimi Sənan Hacıyevin sədrlik etdiyi hakim briqadası fırıldaqçılığı, Fikrət İbrahimov kimi birinin çirkin maraqlarını üstün tutur, ölkə qanunlarını, Beynəlxalq Konvensiyanı pozaraq ölkəmiz adına ləkə gətirməlidirlər?
Pirallahı Məhkəməsində Qəhrəmanovun “qəhrəmanlığı”
Rubrika.Az xəbər verir ki, S.Ağayev mətbuat konfransında Ali Məhkəməyə qədər Qazaxıstan məhkəmələrində fırıldağı ifşa olunan F.İbrahimovun hələ 2017-ci ildə Pirallahı rayon Məhkəməsində oyunun ictimaiyyətə açıqlayıb.
Onun sözlərinə görə, hakim Qəhrəmanov Əkrəm Sabir oğlu ilə cinayət əlaqəsinə girərək V.Rəhimli və onun ailə üzvlərimə qarşı saxta məhkəmə qətnaməsi çıxarmaq barəsində sövdələşir.
O, indi nəinki 14 iyun 2014-cü il tarixli 14-02 saylı alqı-satqı müqaviləsi qalan borcunu ödəməkdən yayınır, həm də öz ləyaqətinə uyğun üsulla V.Rəhimli və onun ailə üzvlərinə böhtan atmaqla müqavilə üzrə ödədiyi həmin 698 000 dolları saxta sənəd tərtib etməklə geri almağı qarşısına məqsəd qoyur.
O, bu saxtakar hakimlə sövdələşdikdən sonra Pirallahı rayon məhkəməsinə müraciət edərək cavabdehlər - Rəhimli Vüsalə Mahmud qızı, onun həyat yoldaşı Ağayev Sakin Abdulhüseyin oğlu və qızı Ağayeva Dilarə, həmçinin heç kimin tanımadığı Novruzov Abuzər Novruz oğlundan birgə qaydada 698 000 dolları miqdarda pul vəsaitinin tutulması barədə qətnamə çıxarılması barəsində iddia qaldırır.
Məhkəməyə təqdim etdiyi iddiada F.İbrahimov göstərib ki, guya o V.Rəhimli və onun ailə üzvlərinə metal almaq üçün qabaqcadan 698.000 dollar verib və onlar bu vəsaiti qəbul etsələr də metalı verməyiblər.
O, həmin iddia ərizəsini yalnız özü tərəfindən bir tərəfli qaydada imzalayıb möhürləyib və 14 iyun 2014-cü il tarixli alqı-satqı müqaviləsi əsasında Ağayeva Dilarədən 698.000 dolları qəbul edilməsinə dair qəbzi əlavə edir. Guya yuxarıda qeyd edilən bu vəsaiti o V.Rəhimli və onun ailə üzvlərinə metal almaq üçün ödəyibmiş.
Heç bir əsası olmayan iddia əsasında gizli şəkildə saxta məhkəmə işi açmaqla, məhkəmə prosesinə dair cavabdehlərin heç birinə hər hansı bir xəbərdarlıq etmədən qətnamə qəbul edilib.
Hətta belə bir müqavilə mövcud olsaydı, iki hüquqi şəxs arasındakı mübahisə ancaq İnzibati İqtisad məhkəməsində baxıla bilərdi. Pirallahı rayon məhkəməsinin belə bir işi icrata qəbul etməsi qanunsuzluqdur.
Digər tərəfdən məhkəmə çəkişməsində tərəf kimi adı çəkilən cavabdehlərin heç biri Pirallahı rayonunda pasport qeydiyyatında olmayıb.
Cavabdeh kimi cəlb edilmiş Abuzər Novruzova qarşı isə iddiaçı tərəfindən heç bir tələb yönəldilməyib. Sonuncu da məhkəmə iclasında iştirak etməyib.
Abuzər Novruzov saxtakarları necə ifşa etdi?
A.Novruzovun da Pirallahı rayonunda pasport qeydiyyatında olmadığı müəyyən olunub. Pirallahı Polis idarəsinə verdiyi izahatda A.Novruzov nə həmin iddia ərizəsində göstərilən cavabdehləri, nə də F.İbrahimov adlı birisini tanıdığını, belə bir məhkəmə prosesinin olmasından xəbərsiz olduğunu bildirib.
Aktau şəhər Məhkəmə İcraçıları icraatlarında olan iki məhkəmə Qətnaməsini araşdırdıqdan sonra qanunvericiliyə tam uyğun şəkildə Pirallahı rayon Məhkəməsinin çıxardığı Qətnamə üzrə borc qarşılıqlı zaçot vasitəsi ilə tam icra olunub. İcra işi tam yerinə yetirilməsi barəsində 03.03.2020-ci il tarixdə müafiq qərar qəbul edilərək tərəfləri məlumatlandırıblar.
Aktau şəhəri İcra dairəsinin məhkəmə icraçısı S.Axanov tərəfindən Pirallahı Məhkəməsinin çıxardığı Qətnamənin icrası ilə yanaşı F.İbrahimovun dələduzluğu sübut olunub. F.İbrahimov isə S.Axanovun çıxardığı qərarla razılaşmadığı üçün ona qarşı iddia qaldırır.
Qəribədir, bu fırıldaqçı hər bir çırkin əməllərə əl ataraq öz havadarları vəsitəsilə saxta məhkəmə qətnaməsi çıxartdırır, sonra dəridən-qabıqdan çıxaraq onu icraya yönəltdirir, sonra isə həmin icra işi ilə razılaşmır.
Aktau şəhər 2 saylı məhkəməsi isə 25.06.2020-ci il tarixli, Qərarı ilə Aktau şəhəri İcra dairəsinin məhkəmə icraçısı S.Axanovun çıxardığı icra qərarının tam qanuni olduğunu nəzərə alaraq öz qüvvəsində saxlayır.
F.İbrahimov bununla da razılaşmadığı üçün yuxarı məhkəmə instansiyasına şikayət verir. Qazaxıstan Mangistau vilayət Məhkəməsinin Mülki İşlər üzrə Kollegiyası Aktau şəhəri İcra dairəsinin məhkəmə icraçısı S.Axanovun çıxardığı icra qərarını öz qüvvəsində saxlayır.
Ölkədən çıxışa stop, cinayət işi, əmlaka həbs...
Lakin yuxarıda göstərilənlərlə yanaşı Pirallahı rayon Məhkəməsinin Qətnaməsini F.İbrahimov icra üçün paralel olaraq həm də Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinə və həmçinin Sumqayıt şəhər İcra və Probasiya şöbəsinə göndərib. İcra işləri ilə əlaqadar Ağayev Sakin, qızı Ağayeva Dilarə və Rəhimli Vüsalə ölkədən çıxa bilmir.
Eyni zamanda onların əmlakları üzərinə həbs qoyulub. Bundan əlavə Pirallahı rayon Məhkəməsinin çıxardığı Qətnamənin icra olunmaması adı ilə CM-nin 306-cı maddəsilə F.İbrahimov və onun havadarları vasitəsi ilə Ədliyyə Nazirliyinin istintaq idarəsində cinayət işi başlanıb.
S.Ağayev bu işə şahid qismində cəlb olunub. İşin baxılması müstəntiq Malik Səfərovun icraatına verilib. Lakin qətnamə hələ 03 mart 2020-ci il tarixdə Qazaxıstanda icra olunub.
Bu barədə Yasamal rayon İcra və Probasiya şöbəsi, Sumqayıt şəhər İcra və Probasiya şöbəsi, Ədliyyə Nazirliyi və həmin qurumun istintaq idarəsi rəsmi olaraq lazımi qaydada məlumatlandırılıb.
Buna baxmayaraq Azərbaycanda eyni qətnamənin icrası və bununla əlaqadar aparılan istintaq işinə hələ də xitam verilməyib.
Sözsüz ki, bütün bu qanunsuzluqlar fırıldaqçı F.İbrahimov və onun havadarlarənın təzyiqi altında olub. Sakin Ağayev isə artıq 3-cü ildir ki, bu dələduz F.İbrahimov və onun havadarlarının tərəfindən girov saxlanılır. S.Ağayev tərəfindən Yasamal rayon məhkəməsinə Yasamal rayon İcra və Probasiya şöbəsinin icra məmuru İlqar Allahverdiyevin hərəkətsizliyindən şikayət ərizəsi verilib.
Ancaq Yasamal rayon məhkəməsi hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi ilə S.Ağayevin icra məmurunun hərəkətsizliyindən verdiyi şikayət ərizəsinə əsasən ölkədən getmək hüququna qoyulmuş məhdudiyyətin və əmlaklar üzərinə qoyulmuş həbsin qaldırılması iddiaları təmin olunmayıb.
Bakı Apellyasiya Məhkəməsində bu qərardan verilən şikayətə hakim Emin Mehdiyevin sədrliyi ilə baxılaraq qanunsuz qərar çıxarılıb. Bütün bu məsələlər barədə Azərbaycanın tanınmış hüquq müdafiəçiləri, Qazaxıstanın vəkilləri müraciətlər ünvanlayıblar, lakin heç bir tədbir görülmür.
Seyid Mirzə
Rubrika.Az