Bakıda evlərdən oğurluq edən şəxs tutulub - VİDEO



 

Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində ayrı-ayrı vaxtlarda rayon ərazisində evlərdən oğurluq edən şəxs saxlanılıblar.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən xəbərə görə, əməliyyat zamanı paytaxt sakini, əvvəllər məhkum olunmuş Taleh Muxtarov tutulub. 

Araşdırma zamanı onun Xəzər rayonunun Binə və digər qəsəbələrində 6 evdən pul, qızıl-zinət, məişət əşyaları, habelə velosipedlər oğurladığı məlum olub. Onun zərərçəkənlərə ümumilikdə 40 min manata yaxın maddi ziyan vurduğu məlum olub. Araşdırma zamanı Taleh Muxtarov paytaxtın Suraxanı və Sabunçu rayonlarında da evlərdən oğurluq etdiyini etiraf edib.

Qeyd edək ki, saxlanılan şəxs əldə etdiyi qızl-zinət əşyalarını metronun “Neftçilər” stansiyasının yaxınlığındakı qızıl qəbulu mağazalarına satıb. 

Faktlarla bağlı 3-cü Polis Bölməsində toplanan materiallar Xəzər RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Taleh Muxtarov barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Taleh Muxtarov paytaxt ərazisində digər analoji cinayətlər etdiyi istisna olunmur. Onun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi polis orqanlarına və Nazirliyin “102” Xidməti-Zəng Mərkəzinə məlumat verə bilərlər.