Dünya çempionumuz ikinci dəfə Avropa birincisi ola bilmədi



 

Sofiyada keçirilən taekvondo üzrə Avropa çempionatının üçüncü günündə komandamız aktivinə daha bir medal əlavə edib.

Millinin lider idmançılarından olan, son Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, I Avropa Oyunlarının və IV İslam Həmrəyliyi Oyunlarının qızıl mükafatçısı, Universiadanın qalibi, ikiqat dünya və bir dəfə Avropa çempionu Milad Beiqi yarışı 80 kq çəki dərəcəsində gümüş medalla başa vurub.

Milad qızıl medal uğrunda rusiyalı Maksim Kramtsovla gərgin keçən döyüşdə üç raund üstün olsa da, son anda bərabərə qalıb (12:12) və rəqib qızıl xalla qalib gəlib.

Qeyd edək ki, Ümundünya Taekvondo Federasiyasının Olimpiya reytinq cədvəlində Maksim Kramtsov ilk pillədə, Milad Beiqi isə ikinci pillədə qərarlaşıb. Hər iki idmançı artıq növbəti Yay Olimpiya Oyunlarına lisenziyalarını təmin ediblər.

Bu, artıq komandamızın qitə çempionatında ikinci medalıdır. İlk yarış günü qadınlar arasında 46 kq çəki dərəcəsində Minayə Əkbərova bürünc medala sahib olub.