Dünya çempionatında millimiz ancaq oğlan idmançılarla təmsil olunacaq - ADLAR



 

Aprelin 13-də Polşanın Keltse şəhərində gənc oğlan və qız boksçular arasında dünya birinciliyi start götürəcək.

Oxu.Az xəbər verir ki, Azərbaycan milli komandası 11 gün davam edəcək mundialda oğlanların mübarizəsində qüvvəsini sınayacaq.

Yığmamız səfərə baş məşqçi Əsgər Eyvazov, məşqçilər Əli İsmayılov və Şahin İmranovun rəhbərliyi altında doqquz boksçu ilə yollanıb. Medallar uğrunda Nicat Hüseynov (-49 kq), Əli Zamanov (-52 kq), Əzrək Bəbirov (-56 kq), Cəlal Qurbanov (-60 kq), Elmir Novruzov (-64 kq), Samir Nəsirov (-69 kq), Cəfər Heydərli (-75 kq), Murad Allahverdiyev (-81 kq) və Əsəd Baxışov (-91 kq) gücünü yoxlayacaq. Heyətimiz yarış öncəsi koronavirus testindən keçib və bütün nəticələr neqativ olub.

Bu gün Polşaya yollanan boksçularımız Vətənə aprelin 24-də qayıdacaqlar.

Dünya çempionatında 66 ölkədən 487 (160 qız, 327 oğlan) boksçunun iştirakı gözlənilir. Bu, üç il öncə baş tutan analoji yarışla müqayisədə daha yüksək rəqəmdir. 66 iştirakçı ölkədən Bəhreyn, Banqladeş, Mərkəzi Afrika Respublikası, Konqo Demokratik Respublikası, İslandiya, Sent-Lüsiya, Syerre-Leone və Esvatini (keçmiş Svazilend) mundialda debüt edəcəklər.

Qeyd edək ki, aprelin 22-də qız idmançıların, ertəsi gün oğlan boksçuların final görüşləri təşkil olunacaq. Aprelin 21-də isə istirahət günü olacaq.